MƏDƏNİYYƏT
Tatarıstanın Arxiv İşi üzrə Dövlət Komitəsinin nümayəndələri Milli Arxiv İdarəsində və Respublika Dövlət arxivlərində olublar
Bakı, 29 noyabr, AZƏRTAC
“Tatarıstan-Azərbaycan İşgüzar Forum”u çərçivəsində Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına işgüzar səfəri çərçivəsində Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyində görüş keçirilib. Sözügedən görüşdə Respublika Dövlət arxivlərinin mühafizə etdiyi arxiv sənədləri əsasında Milli Arxiv İdarəsi tərəfindən hazırlanmış “Tatarların Azərbaycan tarixində rolu” adlı sənəd sərgisi Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova təqdim olunub.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, qeyd edilən səfər çərçivəsində Tatarıstan Respublikasının Arxiv işi üzrə Dövlət Komitəsinin sədri Gülnarə Əbdürrəhmanova, Komitənin Arxiv sənədlərinin elmi istifadəsi və beynəlxalq əlaqələr şöbəsinin müdiri Artur Qayazov və Tatarıstan Dövlət Arxivinin direktoru Bəxtiyar Faxrutdinov Milli Arxiv İdarəsində olub və İdarənin rəisi Əsgər Rəsulovla görüşüblər. Görüşdə, həmçinin Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov, Sənədlərin nəşri və istifadəsi şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov, Təşkilat-metodika və beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Günel Ağayarova iştirak ediblər. Sözügedən görüşdə qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb, dövlət arxivləri arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.
Nümayəndə heyəti Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər sahəsində gördüyü işlərlə əyani tanış olub. Qonaqlara Elektron Arxiv Sistemi, Elektron Arxiv Məlumat Sistemi və Elektron Hesabatlar Sistemi haqqında məlumat verilib. Daha sonra Dövlət Arxivi, Dövlət Tarix Arxivi, Dövlət Kino-Foto Sənədləri Arxivi, Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, Dövlət Səs Yazıları Arxivi, Dövlət Elm və Texnika Sənədləri Arxivi, Elmi Məlumat Kitabxanası ilə tanış olan qonaqlara sənədlərin saxlanılması qaydaları və müvafiq şərait barəsində ətraflı məlumat verilib. Mərkəzi Laboratoriyanın işi ilə tanış olan Tatarıstan arxivçilərinə sənədlərin bərpası barədə müvafiq bilgilər verilib, avadanlıqlar və iş prinsipi nümayiş etdirilib.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.