REGİONLAR
Britaniya səfiri Tərtər rayonunda yaradılan Qadın Resurs Mərkəzinin işi ilə tanış olub
Tərtər, 29 noyabr, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Tərtər rayonuna səfəri çərçivəsində BMT-nin İnkişaf Proqramı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Qadın Resurs Mərkəzinin işi ilə tanış olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Qadın Resurs Mərkəzinin gənclər və qadınların məşğulluğunun dəstəklənməsi baxımından böyük əhəmiyyətə malik olduğu bildirilib. Diqqətə çatdırılıb ki, mərkəz qadınların iqtisadi və sosial təşəbbüslərinin planlaşdırılması və əlaqələndirilməsi, potensialın artırılması, sahibkarlıq fəaliyyəti, peşə təhsili üçün imkanların yaradılması və ictimai dəstək qazanılması üçün ictimai platforma rolu oynayır.
Sonra mərkəzdə “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi təqdim olunub.
Mərkəzin koordinatoru Mərziyyə Qəndilova səfirə rayonda yaradılan Qadın Resurs Mərkəzi tərəfindən görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, Qadın Resurs Mərkəzi tərtərli qadınlar üçün sosial-iqtisadi imkanların təmin edilməsində mühüm rol oynayır. O, maliyyə əməliyyatlarının aparılması, ailə büdcəsinin düzgün formalaşdırılması, biznes planlarının yazılması sahəsində təlimlərin keçirildiyini bildirib, qadınların sahibkarlığa cəlb olunması, onların səmərəli fəaliyyəti istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib.
Sonra layihənin psixoloqu, hüquqşünas və sosial məsləhətçisi Hümbət Mərdanlı görülən işlərlə bağlı söhbət aparıb.
Tədbirdə layihə və Qadın Resurs Mərkəzi ilə bağlı təcrübələri, ehtiyacları və gözləntiləri öyrənmək üçün Qadın Resurs Mərkəzi benefisiarları ilə interaktiv sessiya keçirib. Sonra məlumatların toplanması, karyera istiqamətləndirilməsi və kommunikasiya, təşviqat təlimlərinin iştirakçılarına sertifikatlar təqdim edilib.
Tərtər Gənclər Mərkəzində Qadın Resurs Mərkəzinin otağına baxış keçirilib. Gender əsaslı zorakılığa qarşı 16 günlük fəaliyyət çərçivəsində Tərtər Qadın Resurs Mərkəzinin “Hekayəni dəyiş” kvestinə baxış olub, 18 gəncə sertifikatlar verilib.