DÜNYA
Meksika turist qadını qətlə yetirməkdə ittiham olunan amerikalı qadının ekstradisiyasını tələb edir
Vaşinqton, 30 noyabr, AZƏRTAC
Meksika prokurorluğu San-Xose-del-Kabo kurortunda öz həmvətənini qətlə yetirməkdə şübhəli bilinən amerikalı qadına qarşı ittiham irəli sürüb.
AZƏRTAC xəbər verir ki, Cənubi Aşağı Kaliforniya ştatının (Meksika) prokurorluğu oktyabrın 29-da Şankvella Robinsonun qətlə yetirilməsində şübhəli bilinən şəxsin adını çəkməyib. Qətlin videosu sosial şəbəkələrdə yayılıb.
Ştat prokurorluğunun nümayəndələri həmin qadına Meksikada formal ittiham təqdim etmək üçün onun ekstradisiyasına nail olmaq məqsədilə Meksikanın federal prokurorluğuna və diplomatlara müraciət ediblər.
Robinsonun ölümü hər iki ölkənin icmalarını sarsıdıb. Prokurorlar bildirirlər ki, Robinsonu öldürən şəxs onunla birlikdə səyahət edən adamlarından ola bilər. Yerli prokuror Antonio Lopes Rodriges bildirib ki, bu hadisə potensial qətl hesab edilir və şübhəli şəxsin həbs edilməsi üçün order verilib. Lakin Robinsonun cəsədi icarəyə götürülmüş villada aşkar ediləndən sonra onunla birlikdə səyahət edən qrup Meksikanı tərk edib. Dövlət prokuroru Daniel de la Rosa Anayya şübhəli şəxsin də amerikalı olduğunu bildirib, lakin bu qadının adını çəkməyib. Amerika tərəfindən bu hadisə ilə əlaqədar hələlik bəyanat daxil olmayıb.
AZƏRTAC–ın Vaşinqton bürosu