REGİONLAR
İnklüziv cəmiyyətə gedən yol inklüziv təhsildən keçir
Şamaxı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 2019-cu ildən fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir. Bu vaxtadək mərkəzin fəaliyyəti nəticəsində 300-ə yaxın ibtidai sinif müəllimi, 50 məktəb direktoru və 200-dən artıq tələbə üçün təlim, 100-dən çox valideyn üçün maarifləndirici seminar, vebinarlar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə ADPU Şamaxı filialının İnklüziv Təhsil Mərkəzi və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr edilən “İnklüziv cəmiyyət naminə” adlı seminarda bəhs olunub.
Tədris və elmi işlər üzrə direktor müavini Şasəddin Mikayılov Beynəlxalq Əlillər Gününün təsis edilmə tarixindən, fiziki məhdudiyyəti olan insanların cəmiyyətə inteqrasiyasının vacibliyindən, Azərbaycanda inklüziv təhsillə bağlı statistik göstəricilərdən danışıb.
Sosial və humanitar məsələlər üzrə direktor müavini, İnklüziv Təhsil Mərkəzinin məsul nümayəndəsi Şəlalə Seyidova “İnklüziv cəmiyyətə gedən yol inklüziv təhsildən keçir” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi müxtəlif fikirləri olan insanların cəmiyyətə inteqrasiyasında mövcud problemlər, müxtəlif yanaşmalar, sosial yanaşmanın əhəmiyyəti, inklüziv təhsil və cəmiyyət anlayışından da söz açıb.
Sonra məktəbəqədər təhsil ixtisasının TGT fəalları çıxış ediblər.
Təqdimat və videoçarxlarla müşayiət olunan məruzə və çıxışlar maraqla qarşılanıb.