DÜNYA
Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldovaya düşüb
Kişineu, 5 dekabr, AZƏRTAC
Dekabrın 5-də Rusiyanın Ukraynaya atdığı raketlərdən biri Moldova ərazisinə düşüb.
AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə Moldovanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, raket Briçeni şəhəri yaxınlığına düşüb. Sərhəd polisi tərəfindən partlayıcı maddə aşkar edilib.
"Raketin tapıldığı ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınıb. Hadisə yerində xidmətlər göstərilir", - deyə məlumatda bildirilib.
Moldova təhlükəsizlik qüvvələri Rusiyanın Ukraynaya endirdiyi zərbələrlə əlaqədar ölkənin şimalındakı sərhəd bölgələrində nəzarəti gücləndirdiklərini əlavə ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu