CƏMİYYƏT
Bu ilin 9 ayında 127 nəfər əlil peşə və ixtisaslar üzrə hazırlıq kurslarına cəlb edilib
Bakı, 6 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində sağlamlıq imkanları məhdud və həssas sosial qruplara aid şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı QHT-lərlə görüş keçirilib.
Görüşdə çıxış edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Cəmaləddin Quliyev dövlətin sosial siyasət tədbirləri içərisində əlilliyi olan vətəndaşların xüsusi rolundan bəhs edib. Agentliyin Strateji kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, o, əlilliyi olan şəxslərlə əlaqədar xeyli layihə icra edildiyini, agentliyin yeni konsepsiyasında həmin kateqoriyadan olan şəxslərin işlə təminatı, məşğulluq imkanları, biznes və sahibkarlıq subyekti kimi fəaliyyətlərinə daha çox diqqət yetirildiyini bildirib.
Kvota üzrə işlə təminat, əməkhaqlarının bir hissəsinin birgə maliyyələşməsi proqramı çərçivəsində dəstək tədbirlərinin davam etdiriləcəyi qeyd edilib.
C.Quliyev bu ilin 9 ayı ərzində 127 nəfər əlilliyi olan şəxsin əmək bazarında aktual peşə və ixtisaslar üzrə hazırlıq kurslarına cəlb edildiyini və onlardan 35 nəfərinin işlə təmin olunduğunu deyib.
QHT rəhbərləri “Əlil sahibkarlara dəstək” layihəsində Dövlət Məşğulluq Agentliyinin iştirakına, eləcə də onların layihə və təkliflərinə dəstək nümayişinə görə təşəkkürlərini bildirib və belə görüşlərin daha çox təşkil olunmasını təklif ediblər.
Tədbirdə növbəti il üçün təkliflər dinlənilib, QHT rəhbərlərini maraqlandıran suallar cavablandırılıb.