İDMAN
23 APREL
2013-cü il. Prezident İlham Əliyev Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında Sərəncam imzalayıb. Kompleks ölkəmizdə polad istehsalını inkişaf etdirmək və bununla bağlı məsələləri bir əldə cəmləmək məqsədi ilə yaradılıb.
1865-ci il. Görkəmli hərbi xadim, artilleriyanın “Allahı” hesab edilən Əliağa Şıxlinskinin doğum günü (1865-1943). O, Çar Rusiya ordusunda artilleriya generalı, Azərbaycan Demokratik Respublikasının hərbi nazirinin müavini olub. Ə.Şıxlinski Hərbi Akademiyanı oxumadan, Çar Rusiyası ordusunda ali rütbəli zabit heyətinə daxil edilib. Topçuluğa dair yazdığı əsərlər, özünün şəxsən işləyib hazırladığı "Şıxlinski üçbucağı" qaydası bu gün də dünya artilleriyasının köməyinə gəlməkdədir. O, 1942-ci ildə “Xatirələrim” kimi qiymətli hərbi memuarını diktə edib yazdırıb. Bu, Azərbaycan hərb tarixində ilk və yeganə hərbi memuardır. Şıxlinski bədii yaradıcılıqla da məşğul olub, hərbi-puplisistik yazılar yazıb.
1995-ci il. Dünya Kitab və Müəlliflik Hüququ Günü təsis olunub. Bu barədə qərar Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. Kitaba və müəlliflərə hörmət əlaməti olaraq 1996-cı ildən etibarən bu gün bütün dünyada, o cümlədən Azərbaycanda qeyd olunur.
1920-ci il. Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı Günü elan edilib. Bayram Türkiyə Böyük Millət Məclisinin 1920-ci il aprelin 23-də keçirilmiş ilk iclasından sonra ənənəvi olaraq qeyd edilməyə başlanıb. Vaxtilə “Bu günün balacaları sabahın böyükləridir”, - deyən Mustafa Kamal Atatürk bu bayrama müstəsna əhəmiyyət verib. 1979-cu ildən isə bu bayram BMT tərəfindən tanınıb.
1902-ci il. İsland yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı və ümumdünya sülh şurası ədəbiyyat mükafatı laureatı Halldor Kilyan Laksnessin doğum günü (1902-1998). "Təbiətin övladı" adlı ilk povesti çap ediləndə Laksnessin 17 yaşı olub. O, "Müqəddəs dağın ətəyində", "Kəşmirli böyük toхucu", "Salka Valka", "İmkanlı adamlar", "Dünyanın işığı", "İsland zəngi" və digər əsərlərin müəllifidir.