ELM VƏ TƏHSİL
Akademik Nizami Cəfərov BDU-nun “Qarabağ mühazirələri” layihəsində
Bakı, 7 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) “Qarabağ mühazirələri” layihəsi çərçivəsində keçirilən tədbirdə Milli Məclisin deputatı, akademik Nizami Cəfərov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyəti barədə gənclərə məlumat verib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbir BDU könüllüləri tərəfindən təşkil olunub.
Akademik N.Cəfərov Vətən müharibəsində qazanılan böyük Qələbənin Prezident-xalq-ordu birliyinin məntiqi nəticəsi olduğunu söyləyib. O, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Ordumuzun qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələ və inkişaf dövrünün əsasını qoyduğunu diqqətə çatdırıb.
Tədbirdə müharibənin başlanması, gedişatı və nəticələrindən ətraflı bəhs edilib. Ordumuzun cəbhədə qazandığı nailiyyətlər, düşmənə endirdiyi sarsıdıcı zərbələrlə tarixi ədaləti bərpa etdiyi və bütün dünyaya Azərbaycanın qüdrətini bir daha göstərdiyi vurğulanıb.
Sonra könüllülərin sualları cavablandırılıb.