İQTİSADİYYAT
Yerli KOB-lar Ciddədə Kənd Təsərrüfatı və Qida Sərgisinə qatılıb
Bakı, 7 dekabr, AZƏRTAC
Səudiyyə Ərəbistanının Ciddə şəhərində Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgisi açılıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurumun İdarə Heyətinin sədri Orxan Məmmədovun rəhbərlik etdiyi heyət də sərgidə iştirak edir. İki yüzdən çox şirkətin qatıldığı sərgidə Azərbaycan sahibkarlarının məhsul və xidmətləri də təqdim olunur. Belə ki, sərgidə KOBİA-nın Dəstək Proqramı çərçivəsində, “Muğan Bank”ın tərəfdaşlığı ilə yaradılmış xüsusi stenddə Azərbaycanın müxtəlif çeşiddə məhsulları sərgilənir. KOBİA-nın stendində yerli KOB subyektlərinin şirniyyat və qənnadı məmulatları, quru meyvələr, şokolad, bitki çayları, eləcə də kənd təsərrüfatı sahəsində konsultasiya xidmətləri və sair nümayiş olunur. Azərbaycanın stendi yerli əhali və xarici qonaqlar tərəfindən maraqla qarşılanır.