CƏMİYYƏT
Özəl sektor və gənclər təşkilatlarının əlaqələri gücləndirilir
Bakı, 7 dekabr, AZƏRTAC
Ölkənin aparıcı gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Özəl sektor, korporativ sosial məsuliyyət və gənclər təşkilatlarının əlaqələrinin gücləndirilməsi” forumu keçirilib.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, dövlət qurumları, şirkət nümayəndələri və gənclər təşkilatlarından olan 100 nəfərin iştirakı ilə təşkil olunan forum Milli Şuranın sədri Azər Əliyevin açılışda çıxış edərək forumun əhəmiyyətindən danışıb.
Forum ümumilikdə rəsmilərin çıxışları və panel müzakirələri olmaqla iki hissədən ibarət olub.
Açılış mərasimində əvvəlcə Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxış edərək gənclər təşkilatları ilə dövlət və özəl sektor arasında əlaqələrin gücləndirilməsi baxımından belə təşəbbüsləri dəstəklədiyini bildirib.
Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Seymur Huseynov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) biznesə xidmətlər departamentinin müdiri Natiq Heydərov, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarəolunması departamentinin əməkdaşı Natiq Lahıcov da çıxış edib.
Çıxışlardan sonra müzakirələr aparılıb və tədbir iştirakçılarının ünvanladıqları suallar rəsmilər tərəfindən cavablandırılıb.
Tədbirin ikinci hissəsi olaraq “Özəl sektor ilə gənclər təşkilatlarının korporativ sosial məsuliyyət istiqamətində davamlı əlaqələrin inkişafında mövcud çatışmazlıqlar və onların həlli yolları” və “Korporativ sosial məsuliyyət sahəsində beynəlxalq təcrübənin mənimsənilməsi, mövcud qanunvericilik və imkanlar” mövzularında Dövlət Dəstəyi Agentliyinin Sosial Proqramlar şöbəsinin müdiri Vüqar İmanov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev, KOBİA-nın biznesə xidmətlər departamentinin müdir müavini Emin Abdullayevin iştirakı ilə panel müzakirəsi aparılıb. Bu istiqamətdə gənclər təşkilatları tərəfindən təkliflərin səsləndirilməsi və onların müzakirəsi ilə forum işini yekunlaşdırıb.
Qeyd edək ki, layihə çərçivəsində indiyədək qeyd edilən istiqamətdə təlim və görüşlər keçirilib. Sonuncu mərhələ olaraq isə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə aidiyyəti sahə üzrə mövcud problemlərə və onların həlli istiqamətində görüşün təşkil edilməsi planlaşdırılır.
Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçirilib.