ELM VƏ TƏHSİL
Pakistan novellalarının Azərbaycan dilinə tərcüməsi təklifi rəğbətlə qarşılanıb
Bakı, 8 dekabr, AZƏRTAC
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları - urdu dili üzrə mütəxəssis Rövşən Şirxanlı və filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşüblər.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında dilçilik əlaqələri, urdu və Azərbaycan dillərində lüğətçilik, tərcümə və elmi-tədqiqat məsələləri müzakirə olunub. İnstitutun əməkdaşlarının urdu və Azərbaycan dillərində lüğət hazırlamaqla bağlı təklif və fikirləri dinlənilib. Səfir Bilal Hayeenin Pakistan novellalarının Azərbaycan dilinə tərcüməsi təklifi xüsusi rəğbətlə qarşılanıb.
Görüşün sonunda səfir Bilal Hayeeyə Azərbaycan dialektologiyası şöbəsinin əməkdaşlarının hazırladıqları “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” və “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” kitabları təqdim olunub. Səfir isə Dilçilik İnstitutuna “Pakistan-Azerbaijan Relations, A Pictorial Journey” kitabını hədiyyə edib.