İQTİSADİYYAT
AZPROMO İstanbul İqtisadi Sammitində iştirak edib
Bakı, 9 dekabr, AZƏRTAC
İstanbulda "Qlobal dəyər zəncirləri" mövzusunda 6-cı İstanbul İqtisadi Sammiti keçirilir.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) AZƏRTAC-a bildirilib ki, sammitdə iştirak edən qurumun rəhbəri Yusif Abdullayev çıxışında ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, ixrac potensialı barədə məlumat verib, sammitin davamlı enerjiyə çıxış, turizm, qida təhlükəsizliyi, qadın sahibkarlığı, "yaşıl enerji" və s. sahələrin inkişaf etdirilməsi kimi məsələlərin müzakirəsi baxımından xüsusi önəm kəsb etdiyini deyib.
Sammitdə, həmçinin Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Olgün Amcaoğlu, Türkiyәnin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) prezidenti Nail Olpak, Dünya Bankının baş iqtisadçısı Sibel Kulaksız, "Yuvam Dünya" Assosiasiyasının İdarə Heyətinin sədri Kıvılcım Pinar Kocabıyık, Türkiyə Qadın Sahibkarları Assosiasiyasının prezidenti Emine Erdem və digər rəsmi şəxslər çıxış ediblər.