ELM VƏ TƏHSİL
Üzeyir Hacıbəylinin anası Şirin xanıma məxsus eksponatlar
Bakı, 28 yanvar, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında dahi bəstəkar Üzeyir Hacıbəylinin anası Şirin Əliverdibəyovaya məxsus eksponatlar - geyim nümunələri, süfrə, boğçalar qorunur.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Şirin xanıma məxsus boğça müxtəlif parça hissələrindən hazırlanıb. Digər eksponat isə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid süfrə ağ, qırmızı, sürməyi zolaqlı, üzəri nəbati naxışlı tirmədən tikilib. Süfrənin kənarlarına isə zəngin nəbati naxışlı bafta, sırıma və qızılı saçaq əlavə edilib.
Qeyd edək ki, həmin dövrdə tünd sürməyi, zoğalı-qırmızı, sarı yerlikli, buta naxışlı, “misqalı” adlanan tirmə parça qızıla bərabər parça növlərindən hesab edilirdi.