CƏMİYYƏT
Gənclərin miqrasiya ilə bağlı bilikləri artırılır
Bakı, 31 yanvar, AZƏRTAC
“Miqrasiya Məktəbi-5” layihəsi çərçivəsində növbəti təlimlər Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları Füzuli Cəbrayıllı, Nihad Kazımov, Emin Fərhadlı və Aygül Abbaszadə tərəfindən keçirilib.
AZƏRTAC DMX-yə istinadla xəbər verir ki, təlimlər çərçivəsində “Beynəlxalq miqrasiya hüququ”, “Azərbaycanda əcnəbilərin olma və yaşama qaydaları”, “Miqrasiya statistikası: məlumat mənbələri və istifadə qaydaları”, “Miqrasiya barədə məlumat: əsas konseptlər və terminlər, qlobal miqrasiya trendləri” mövzuları müzakirə olunub.
İştirakçılar miqrasiya qanunvericiliyi, bu sahədə görülən işlər, miqrasiya proseslərinin səmərəli idarə olunması, miqrasiya siyasətinin formalaşdırılması, həmçinin beynəlxalq tendensiya və çağırışlar barədə məlumatlandırılıblar.
Təlimlərin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd olunub ki, altı ay davam edəcək layihənin əsas məqsədi gələcəkdə müxtəlif sahələr üzrə fəaliyyət göstərəcək gənclərin miqrasiya ilə bağlı biliklərini artırmaq, onlarda bu sahəyə maraq oyatmaq, peşəkar vərdişlər aşılamaq və dövlət idarəçiliyinə dair məlumatlandırmaqdır.