REGİONLAR
Ulu əcdadlarımız tərəfindən yaradılan tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir
Qax, 1 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayonu ərazisində Qafqaz Albaniyası dövrünə aid irili-xırdalı 20-dən çox tarixi-memarlıq abidəsi mövcuddur. Bu abidələr arasında Ləkit kəndinin yaxınlığında yerləşən V əsrə aid Dairəvi məbəd və VI-VII əsrlərə aid Yeddi kilsə monastr kompleksi tarix baxımından xüsusi əhəmiyyət kəsb edir. Ulu əcdadlarımız tərəfindən yaradılan bu tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dairəvi məbəd Qafqaz Albaniyası dövrünə aid ən qədim tikililərdən biri hesab olunur. Məbədin qalıqları Ləkit kəndindən bir kilometr aralıda, Ləkit çayının kənarındakı yarğanın yaxınlığındadır. Mütəxəssislər inşaat texnikası baxımından Dairəvi məbədin inşa tarixini V əsrə aid edirlər. Məbəd kompleksinin ərazisi 5 hektardır.
Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndinin məlumatına görə, Dairəvi məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri 1940-cı illərdə rus alimi P.D.Baranovskinin rəhbərliyi ilə aparılıb. Arxeoloji qazıntı işləri zamanı məbəddən 30 metr aralıda tikilinin – hamamın qalıqları da aşkara çıxarılıb. Məbədin həyətinin daxilində təsərrüfat quyusunun və karvansara binasının yerləri də qalmaqdadır. Abidənin ətrafı təmizlənib, dağılmaqda olan divarlardan biri möhkəmləndirilərək konservasiya işləri aparılıb.
Bizans memarlıq üslubunda dairəvi formada tikilmiş məbəd diametri 22 metrə çatan zal ilə əhatələnib. Məbədin daxilində dairəvi formalı sütunlar düzülüb. Tetrakonxun (düzbucaqlı yarımqövs) üzərində tikilmiş gümbəz uçub tökülüb. Pilonlarla sütunların kompozisiyası bütünlüklə səkkizguşəli formada olub. Məbədin divarları çay daşından hörülüb, daxilindəki pilon və sütunlar bişmiş kərpiclə tikilib. Baş tağların və xarici söykənclərin tikintisində yerli əhəng daşından (şirin daş) istifadə olunub.
Direktorun sözlərinə görə, 2012-ci ilin mayında bölgədə baş vermiş zəlzələ zamanı yeraltı təkanlar nəticəsində məbədin divarlarında çatlar əmələ gəlib. Abidədə konservasiya işlərinin aparılmasına ehtiyac var.
Hazırda Dairəvi məbədin qalıqları tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.