İDMAN
Fərid Qayıbov: Bakıda idmanın maddi-texniki bazası diqqət mərkəzindədir
Bakı, 4 fevral, AZƏRTAC
Bakıda idmanın maddi-texniki bazası diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbovun yanvar ayı ilə bağlı qurumun rəsmi saytındakı qeydində yer alıb.
“Bakı şəhərinin kənd və qəsəbələrində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə növbəti tanışlığım oldu. Maştağa, Yeni Suraxanı və Xocasən qəsəbələrinin futbol meydançaları, Buzovna, Binə və Pirallahı qəsəbələrində idman zalları, Muşfiqabad qəsəbəsində idman kompleksinin, Yeni Suraxanı qəsəbəsində yerləşən Şahmat Məktəbi, Yeni Günəşlidə minifutbol meydançasının vəziyyəti və fəaliyyəti ilə də maraqlandıq. Pirallahı qəsəbəsində yeni inşa edilmiş Gənclər Mərkəzinin binasına da baxış keçirilib. Bakı şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserinin, eləcə də Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin fəaliyyəti ilə tanışlıq zamanı isə şəraitin yaxşılaşdırılması barədə fikir mübadiləsi apardıq”, - nazir bildirib.
F.Qayıbov qeyd edib ki, beynəlxalq idman əlaqələri baxımından növbəti addım olan Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə görüşdə idman sahəsində qarşılıqlı təcrübə mübadiləsi, birgə təlim-məşqlər və digər məsələləri müzakirə etdik. Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldunla iki ölkə arasında gənclər siyasəti və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi apardıq.