CƏMİYYƏT
Veteranlar Türkiyədəki zəlzələdə zərərçəkənlərə maddi yardım göstərib
Bakı, 9 fevral, AZƏRTAC
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Türkiyədəki zəlzələdə zərərçəkənlərə maddi yardım göstərib.
AZƏRTAC xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, yardım aksiyasında Təşkilatın həm mərkəzi aparatı, həm də rayon təşkilatları fəal iştirak edib: “Fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsi, on minlərlə insanın yaralanması, evindən-eşiyindən məhrum olması Azərbaycan xalqının dərin kədərinə və təəssüfünə səbəb olub. Zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dövləti Türkiyəyə xilasedicilər, tibbi ləvazimatlar, humanitar yardım vasitələri çatdırıb, qardaş ölkəyə ilk dəstək verən dövlət olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da ilk dəqiqələrdən Türkiyədəki zəlzələdə zərərçəkənlərə ciddi dəstək verib, qardaş ölkəyə irimiqyaslı humanitar yardımların göndərilməsini təmin edib. Bu yardımlar hazırda da davam edir”.
C.Xəlilov deyib ki, zəlzələdən dərhal sonra Azərbaycanda Türkiyəyə yardım məqsədi ilə geniş aksiya və kampaniyalara start verilib. Belə yardım aksiyalarından birini Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı keçirib. Aksiyada Təşkilatın mərkəzi aparatı ilə yanaşı, yerlərdəki rayon təşkilatları da fəal iştirak edib, xüsusi fəallıq sərgiləyiblər. Respublika Veteranlar Təşkilatının nümayəndələri, o cümlədən yerlərdəki üzvləri tərəfindən toplanan maddi yardım Türkiyə tərəfinə təqdim olunub.
“Təşkilatın bir çox üzvləri maddi yardımla yanaşı, zəlzələdən zərərçəkənlərə məişət əşyaları, yataq dəstələri və digər vasitələrlə də kömək göstəriblər. Təşkilat olaraq bildiririk ki, Türkiyədəki qardaş-bacılarımıza yardımların göstərilməsi bundan sonra da diqqət mərkəzimizdə olacaq.
Zəlzələdə həlak olan qardaş-bacılarımıza Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Azərbaycan xalqı hər bir fərdi ilə Türkiyənin yanındadır və bundan sonra da yanında olacaq”, - deyə C.Xəlilov vurğulayıb.