İDMAN
24 APREL
2008-ci il. Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin yaradılmasi haqqında Fərman imzalayib. Agentlik Azərbaycan Respublikasında nüvə və radioloji fəaliyyətlə bağlı beynəlxalq standartlara uyğun tədbirlərin, nəzarətedici və tənzimləyici funksiyaların səmərəli həyata keçirilməsini təmin etmək məqsədi ilə yaradılıb.
1938-сi il. Tanınmış aktyor və rejissor, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), Azərbaycanın Xalq Artisti (1982) Həsənağa Turabovun doğum günü (1938-2003). 1960-cı ildə Azərbaycan İncəsənət İnstitutunu bitirdikdən sonra Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib. Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır.
1911-ci il - Geologiya-mineralogiya elmləri doktoru (1944), professor (1945), Azərbaycan Milli Elmlər Akademiyasının akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1943, 1946), SSRİ-nin fəxri neftçisi (1971), Türkmənistan SSR-in əməkdar elm və texnika xadimi (1971) Ələşrəf Əlizadənin doğum günü (1911-1985). Keçmiş SSSR-nin əsas neft rayonlarında geoloji-tədqiqat işləri aparıb, Azərbaycanın bir sıra mühüm neft və qaz-kondensat (Siyəzən, Zəyli-Zeyvə, Buzovna-Maştağa, Şabandağ, Gürgan, Qaradağ, Qarabağlı, Səngəçal, Duvannı, Qazanbulaq, Kürsəngi, Muradxanlı və s.) yataqlarının açılmasında bilavasitə iştirak edib.
1877-ci il. Çar Rusiyası Qafqaz və Balkanlarda mövqelərini möhkəmlətmək məqsədilə Osmanlı inperiyası ilə növbəti müharibəyə başlayıb. Bir il sürən müharibə Osmanlının məğlubiyyəti ilə nəticələnib. San-Stefano sülh müqaviləsinə (1878 ) əsasən, Rusiya Türkiyənin bir neçə bölgəsini özünə birləşdirib. Türkiyə həmin əraziləri (Qars, Ərdəhan və s.) yalnız 1918-ci ildə geri ala bilib.