REGİONLAR


24 ildən sonra yenidən pöhrələyən nar ağacı – Cocuq Mərcanlıdan REPORTAJ VİDEO

Cəbrayıl, 22 iyul, AZƏRTAC

Yolum yenə Cocuq Mərcanlıyadır. Gözümüz önündə qədəm-qədəm ucalan, gözəl, abad qəsəbəyə çevrilən, dünyaya səs salan Cocuq Mərcanlıya.

Bu kənd 1993-cü ildə düşmən tərəfindən işğal edilsə də, bir il sonra, yanvarın 6-da uğurlu Horadiz əməliyyatı ilə azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi. Yalnız 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad olunması mövcud təhlükəni də aradan qaldırdı.

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə kənddə yeni qəsəbənin salınması bütün Azərbaycan xalqının, o cümlədən cocuq mərcanlıların böyük sevincinə səbəb oldu.

Cocuq Mərcanlı sakinlərinin kənddə salınmış yeni qəsəbəyə köçürülməsindən sonra buraya ilk dəfə idi səfər edirdim. Qəsəbədə 50 ev, 100 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

İllərlə həsrət qaldıqları doğma yurdda yenidən məskən salmış cocuq mərcanlılılarla görüşməyə tələsirdim. Qəsəbəyə girəndə ilk rastlaşdığım küçədə gülə-gülə velosiped sürən uşaqlar oldu. Mənə əl edib yanımdan keçdilər. Sonra yaşlı bir qadına rast gəldim. Nəvələrinin əlindən tutub onları gəzdirirdi. Yanından keçdiyim həyətlərdən birində ev sahibəsi toyuqlara dən səpirdi. Qonşu həyətdə isə gənc ana körpəsini yatızdırırdı. Kimi həyətini təmizləyir, kimi qonşusu ilə hal-əhval tuturdu. Gördüklərim məni də sevindirdi, indi Cocuq Mərcanlıda uzun illərin ağrı-acısından əsər-əlamət qalmayıb, həyat qaynayır. Rast gəldiyimiz sakinlər gülər üzlə salamlaşır, sevinclərini bölüşməyə can atırdılar.

Həyətində yer belləyən Şahəddin Hüseynov məni hörmətlə evə dəvət etdi. Çay süfrəsi arxasında söhbətləşdik: “İndiyəcən evimiz yox idi. Ancaq sağ olsun cənab Prezidentimiz, bizə öz kəndimizdə ev tikdirdi. Özü də düşməndən azad olunan kənddə”.

Bir qədər dayanıb söhbətə davam etdi: “Ömrümün 24 ilini Biləcəri qəsəbəsində, şəraitsiz bir binada keçirmişəm. Pis-yaxşı dolanmışıq. Hər yer Vətən torpağı olsa da, doğma yurd yeri başqadır. Şəraitim, rahatlığım bir yana, burada özümü ana qucağındakı kimi hiss edirəm. Neçə illər pərən-pərən düşmüş, illərlə görüşə bilmədiyim qohum-qardaşa qovuşmuşam. Bundan böyük xoşbəxtlik olar!? Bütün köçkünlərimizə bu hissi yaşamağı arzulayıram”.

Gələcək planlarından danışan Şahəddin dedi ki, payızda həyətində meyvə ağacları əkəcək. Onun üçün ayrılmış sahədə əkin-biçinlə məşğul olub, heyvandarlıq təsərrüfatı yaradacaq.

Elə bu vaxt kənd məscidindən azan səsi eşidildi. “Hər səhər yuxudan azan səsinə oyanırıq. Bu günümüz üçün Allaha şükürlər edir, bizə bu şəraiti yaradan dövlətimizə minnətdarlığımızı bildiririk”, - deyə ev yiyəsi sevinc dolu baxışlarla pəncərədən məscidə boylanır.

Bir anlıq məşhur mahnının sözlərini xatırladım: “Obalardan ban səsi, evlərdən azan səsi, ellərdən ozan səsi, bir gün əskik olmasın”.

Ailənin yeganə övladı olan kiçik Nurayı danışdırmaq cəhdim əvvəlcə alınmır. O, utansa da, sonra atasına baxıb ürəklənir: “Burada yeni dostlar tapmışam. Hər gün onlarla oynayırıq. Sentyabrda isə məktəbə gedəcəm. Baxın, bu noutbuku da mənə əmilər hədiyyə edib.”

Atası söhbətə qoşularaq bildirdi ki, bu günlərdə “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndələri Cocuq Mərcanlıya gəlib, onların da ailəsinə baş çəkiblər. Noutbuku da Nuraya onlar bağışlayıblar. Üstəlik, evlərini telefon və internetlə də təmin ediblər.

Bu zaman həyətdən səslər eşidildi. Ev sahibinin qonaqları gəlmişdi. Qəsəbədə evlə təmin olunmuş qohumları idi. Bizimlə görüşən Solmaz Məstəliyeva dedi: “Hər gün bir qohumumuzun, qonşumuzun evinə təbrikə gedirik. Sevincimiz o qədər çoxdur ki... Sağ olsun Prezidentimiz, həm bizi rahat evlə təmin etdi, həm də pərən-pərən düşmüş bir obanı öz doğma yurdunda qovuşdurdu”.

Müsahiblərimlə xudahafizləşib ayrılıram. Yolboyu düzülən evlərin yanından keçərkən bir qadının ağac pöhrəsini suladığını gördüm. Əvvəlcə təəccübləndim ki, axı ilin bu vaxtı ağac əkib bitirmək olmaz. Ona yaxınlaşdım. Gülxandan Həziyeva təəccüblü baxışlarımdan məsələnin nə yerdə olduğunu anladı: “Bu pöhrə bitən yerdə illər öncə mənim doğma evim, həyətim olub. Tale elə gətirdi ki, ev bölgüsündə qismətimə öz həyətimizin yerində tikilən ev nəsib oldu. Bu nar ağacı da o vaxtdan qalıb. Elə bil yurd yerinin nişanəsi kimi qurumayıb, məni keçmişimə qovuşdurmaq üçün yaşayıb. Baxın, qulluq etdikcə pöhrələyir. İnşallah gələn il daha da böyüyəcək. Hərdən onunla söhbət də edirəm. Düşünürəm ki, bu nar ağacının dili olsa, görəsən mənə nələr danışar...”

Ağbirçəyin sözləri məni duyğulandırdı. Deməyə başqa söz də yox idi. Bu sözlər hər şeyi ifadə edirdi. Sanki 24 il qurumayıb, yenidən pöhrələyən nar ağacı vaxtilə məcburi köçkün düşmüş Gülxandan nənəyə bu illərin iztirabını, ağrı-acısını, doğma sakinləri necə həsrətlə gözlədiyini anladırdı...

Kənddən çıxanda dönüb arxaya baxdım. Köks dolusu nəfəs aldım. Artıq bir xeyli uzaqlaşdığım məkanda isə Cocuq Mərcanlı dastanının yeni səhifələri yazılırdı.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.