SİYASƏT
24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslara başlanılıb
Bakı, 22 avqust, AZƏRTAC
Avqustun 22-də 24 saylı Nizami I seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb.
AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən keçirilir.
Dairə seçki Komissiyasının sədri Niyazi Nəcəfov bildirib ki, bu il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə bağlı Mərkəzi Seçki Komissiyası artıq maarifləndirmə işlərinə başlayıb və bu istiqamətdə lazımi tədbirlər həyata keçirilir. Qeyd olunub ki, məntəqə seçki komissiyalarının üzvləri bütün lazımi vəsaitlərlə təmin olunub, seçki məntəqələrində hazırlıq işləri MSK-nın təlimatları üzrə aparılır.
Sonra “Seçici siyahıları ilə işin təşkili, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və s. istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması”, “Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri” və “Seçici siyahıları ilə iş qaydası” mövzularında seminarlar keçirilib. Mərkəzi Seçki Komissiyasının nümayəndəsi Ramiz İbrahimov, Nizami rayon məhkəməsinin hakimi Habil Əhmədov və başqaları mövzularla bağlı çıxışlar edib, seminar iştirakçılarının suallarını cavablandırıblar.