SİYASƏT
24 saylı Nizami birinci seçki dairəsinin seçki məntəqələrində səsvermə seçici fəallığı şəraitində keçir
Bakı, 26 sentyabr, AZƏRTAC
Sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi 24 saylı Nizami birinci seçki dairəsinin seçki məntəqələrində də səhər saat 8.00-da başlayıb.
Seçici hüququna malik vətəndaşlar öz seçimlərini etmək üçün səhər saatlarından məntəqələrə gəlir, səsvermədə fəal iştirak edirlər.
214 saylı məktəbdə yerləşən 13 saylı seçki məntəqəsinin sədri Şəlalə Mütəllimova AZƏRTAC-a bildirib ki, məntəqə üzrə 945 seçici var. Altı nəfər evdə səs vermək üçün müraciət ediblər. Səsvermə normal keçir. İnsanlar öz vətəndaşlıq borclarını yerinə yetirirlər.
14 saylı seçki məntəqəsinin sədri Fəridə Rəcəbova deyib ki, məntəqə üzrə 1191 seçici qeydiyyatdadır. Seçicilər gəlib referendumda öz iradələrini sərbəst şəkildə bildirirlər. Heç bir qanun pozuntusu müşahidə edilməyib. Məntəqədə veb-kamera quraşdırılıb.
Seçkiləri YAP, bələdiyyə və QHT nümayəndələri izləyir.