Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Azərbaycan xalqına qarşı ən böyük cinayət: 1918-ci ilin Mart soyqırımı

Azərbaycan xalqına qarşı ən böyük cinayət: 1918-ci ilin Mart soyqırımı

Bakı, 29 mart, AZƏRTAC

1918-1920-ci illərdə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımla bağlı ən etibarlı sənəd 1918-ci ilin yayında Milli Hökumət tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyasının sənədləridir. Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin Mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Sənədlərdən məlum olur ki, Bakının şəhər camaatından 400 milyon manatlıq daş-qaş və əmlak müsadirə olunub. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran toplarla Təzəpir məscidi zədələnib. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırıblar.

Bu fikirlər Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərovun “Azərbaycan xalqına qarşı ən böyük cinayət: 1918-ci ilin Mart soyqırımı” adlı məqaləsində qeyd edilib. AZƏRTAC məqaləni təqdim edir.

Təhqiqat Komissiyasının materiallarında bu vəhşiliklər barəsində deyilir: “1918-ci il martın 31-də bir erməni zabiti, yanındakı üç erməni əsgəri ilə “Kaspi” qəzeti redaksiyasının və “İsmailiyyə” müsəlman xeyriyyə cəmiyyətinin binaları arasındakı dalana gəldi və “İsmailiyyə” binasına daxil oldu. Bir azdan binanın pəncərəsində tüstü və alov göründü. Nəinki Bakı müsəlmanlarının iftixarı sayılan, həm də bütün şəhərin yaraşığı olan bu əzəmətli bina yanğından məhv oldu. Yanğını söndürməyə adam yox idi, çünki müsəlmanlar küçəyə çıxa bilmirdilər, onları pulemyotlarla və top-tüfənglə atəşə tuturdular”. Həmin zabit “Daşnaksütyun” partiyasının görkəmli xadimi Tatevos Əmirov idi. Bu, həmin Tatevosdur ki, uzun illər ərzində tariximiz, mətbuatımız onu “yenilməz inqilabçı”, “xalqlar dostluğu uğrunda mətin mübariz” kimi təbliğ edib. Talançılar “Kaspi” qəzeti redaksiyasının və “Dağıstan” mehmanxanasının binalarını, “İsgəndəriyyə”ni, “İsmailiyyə”ni də yandırıblar. “Kaspi” qəzeti redaksiyasında Azərbaycan dilində kitablar nəşr edilirdi. Bina yandırılan vaxtadək burada “Quran”ın yenicə çap edilmiş 5 min nüsxəsi saxlanılırdı. Onların hamısı yanıb külə dönüb.

Mart soyqırımında erməni hərbi hissələri ilə yanaşı erməni ziyalıları, gəncləri də iştirak edirdilər. Təhqiqat Komissiyasının materiallarında göstərilir ki, “erməni əhalisinin bütün siniflərini təmsil edən nümayəndələr bu “müharibə”də iştirak etməyi özlərinə borc bilirdilər. Burada neftxudalar, mühəndislər, həkimlər, kontor işçiləri var idi, bir sözlə, erməni əhalisinin bütün təbəqələri öz “vətəndaş borcu”nu yerinə yetirirdi”.

“Nikolay Buniatov” paroxodu komandirinin köməkçisi Kazım Axundov yazır: “Martın 25-dən Nikolayev küçəsindəki meyitlərin yığışdırılmasına başladıq. Onların arasında süngülərlə didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnaziyaçının, 11 gimnaziyaçı qızın, 1 rus qadının, 3-5 yaşlarında 3 müsəlman oğlan uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadınının və müxtəlif peşə sahibləri olan 67 azərbaycanlının meyitləri var idi. Bundan başqa, “Vulkan” cəmiyyətinin köhnə yanalma körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6748 meyiti gətirilib. Axundov öz tanışı texnik Vladimir Sokolovu “Kərpicxana” deyilən yerə aparıb. Burada, o, 3 fotoşəkil çəkib. Birinci şəkildə başında güllə yarası, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir olunub. Onun sağ döşü üstündə hələ sağ olan körpə uzanıb. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası vardır. İkinci şəkildə iri mismarla divara vurulmuş 2 yaşlı uşaq təsvir edilib. Mismarın başından aydın görünür ki, onu divara daşla vurmuşlar. Daş elə oradaca idi. Üçüncü şəkildə 13-14 yaşlı qızın meyitidir. Biçarənin bədənindən görünür ki, onu bir dəstə kişi (əgər bu alçaqlara “kişi” demək mümkündürsə) zorlayıb.

1918-ci ilin mart günlərində Şamaxı şəhəri və Şamaxı qəzası dəhşətli talan və vəhşiliklərə məruz qalıb. Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanıb. Burada bədnam S.Lalayevin başçılıq etdiyi əsgərlər və T.Əmirovun dəstəsi azğınlaşaraq müsəlmanları soyub-talayır və qırırdılar. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdu. 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq – Cümə məscidi yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir qibləgah, həm də qədim abidə kimi əziz idi. Erməni quldurlar minlərlə dinc adamı qətlə yetirmişdi.

Şamaxıda böyük hörmət sahibi olan axund Cəfərquluya olmazın işgəncələr verilmişdi. Ermənilər ona axund olduğu məsciddə dəhşətli əzab-əziyyət verərək, bu Allah bəndəsinin saqqalının tüklərini bir-bir yolmuş, dişlərini, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmişdilər. Ermənilər axunda pənah gətirmiş saysız-hesabsız qadın və uşağı da öldürmüşdülər. Hacı axundun tamamilə yandırılmış evinin həyətində sonralar Təhqiqat Komissiyasının üzvləri tərəfindən çoxlu miqdarda insan sümükləri aşkar edilmişdi. Qafqaz-İslam Ordusu 1918-ci ilin iyulunda Şamaxını ermənilərdən azad edərkən meyitlərin iri sümüklərini yığıb basdırmışdılar. Komissiya üzvləri 1918-ci ilin oktyabr və noyabrında bu barədə hazırladığı məruzədə qeyd edirdilər ki, həyətdə hələ də çürümüş meyitlərin qalıqları qalmaqdadır. Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də bu cür olmuşdur. Daşnakların törətdiyi vəhşiliklərin həddi-hüdudu yox idi.

1919-cu il martın 30-da “Azərbaycan” qəzetində Fövqəladə Təhqiqat Komissiyasının “Çağırış”ı dərc edilmişdir. Komissiyanın sədri Ə.Xasməmmədovun imzaladığı bu sənəddə deyilirdi: “Şamaxının yalnız xarabalıqları qalmışdır. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi 800 ildən çox tarixi olan Cümə məscidinin ancaq yanıb qaralmış minarələri görünür, şəhərin on beş minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirlər ki, acından ölməsinlər”.

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, Şamaxı şəhərində 8 min, qəzanın 53 kəndində isə ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,5 milyon manat, Şamaxı şəhərinin azərbaycanlı əhalisinə vurulmuş ziyan orta hesabla bir milyard manatdan çox olmuşdur.

Quba qəzasında qırğınlar əvvəlcədən düşünülmüş və buna geniş hazırlıq işləri görülmüşdü. Çünki qırğına başlamaq üçün bəhanə milli münaqişə ola bilərdi. Erməni daşnak qüvvələri dünyanın hər yerinə ermənilərin guya müsəlmanlar tərəfindən sıxışdırıldığı barədə teleqramlar göndərirdilər. Qubada yaşayan M.Kasparov, H. Hayrapetov, A.Mukanyans və A.Boqdanov tərəfindən göndərilmiş teleqramda iddia olunurdu ki, Qubada müsəlmanlar milli ədavət, milli qırğın törədir, erməni və rus kəndlərini dağıdır, kilsələrə od vurub yandırırlar.

Bakıdan böyük bir silahlı dəstə ilə Qubaya gələn Amazasp camaatı meydana yığaraq bildirdi: “Mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən çox türk kəndini yandırıb xaraba qoymuşam. Uzun müddət türklərlə vuruşmuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Buraya da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam”. Şahidlərdən biri yazır: “Amazasp daşnak dəstəsinə bələdçilik edən qubalı erməni Harun Hayrapetovu yanına çağırdı və ona nəsə dedi. Harun cibindən bir siyahı çıxarıb oxumağa başladı. Həmin siyahıda Qubanın varlılarından 26 nəfərin adı var idi. Amazasp həmin adamların dalınca silahlı əsgərlərindən bir neçə nəfərini göndərdi. Silahlı əsgərlər həmin ailələrdən altı nəfərlə geri qayıdanda daşnak komandiri daha da qızışdı. Gətirilənlərin 4-ü qadın, 2-si yeniyetmə idi. Amazaspın tapşırığı ilə yeniyetmələrin başlarını kəsdilər. Qadınları uşaqlarının qanını içməyə məcbur etdilər. Onlar şivən qoparıb daşnakların üstünə atılanda qarınlarını süngülərlə deşdilər. Sonra qılıncla bədənlərini tən ortadan ikiyə böldülər. Meydanda ah-nalə yüksələndə Amazasp əsgərləri cərgə ilə düzdürüb əliyalın, günahsız əhaliyə atəş açmağı onlara əmr etdi. Yüzlərlə adam qırıldı. İnanmaq olmurdu ki, insan-insana qarşı bu qədər vəhşilik törətsin”. “Mən sizin qanınızı içəcəyəm”, - deyən Amazasp siyahıda adları çəkilən adamların mülklərini odlayıb külə döndərmək üçün əmr verdi. Bütün bu hərəkətləri ilə o, son dərəcə qəddar və qaniçən olduğunu sübuta yetirirdi. Amazasp Bakıdan mənfur Şaumyan rejimindən belə bir tapşırıq almışdı: Quba qəzasında bütün müsəlmanları qırıb məhv etmək, onların yaşayış məntəqələrini dağıtmaq, sonra isə bu qırğını sünni və şiə məzhəbləri arasında toqquşma kimi qələmə verməklə cinayətin izini itirmək lazımdır.

Qırğının canlı şahidlərindən olan Şahbalı oğlu xatırlayır: “Ermənilər o qədər adam qırmışdılar ki, Qubanın küçələri al qana boyanmışdı. Əllərinə keçən 2 mindən çox adamı meydana yığıb ucdantutma güllələmək istəyəndə bir nəfər onların başçısına yaxınlaşdı. Deyilənə görə komissar idi. Bir qədər söhbət etdikdən sonra əsgərlərə təzədən əmr verildi ki, silahları aşağı salsınlar. Qadınlar və uşaqlar ağlayırdılar. Yekəpər bir erməni beş nəfərlə camaata yaxınlaşıb, cavan, gözəgəlimli qadınları seçməyə başladı. Əllidən çox qadını hara isə apardılar. Onlardan birinin qardaşı etirazını bildirəndə yerindəcə güllələdilər. Onun meyitini yerə sərib bıçaqla gözlərini çıxardılar. Əli qana batmış erməni ovcunda tutduğu gözləri camaatın üstünə tulladı. Kütlədən uğultu qopdu. Daşnaklar ermənicə söyə-söyə qabaqdakıları qundaqla döyməyə başladılar. Sonra irəli çıxmış bir yaşlı kişinin qarnını süngü ilə deşdilər. Bu, göz ilə baxılası müsibət deyildi”. Başqa bir şahid yazır: “Ermənilər dindarları Qubanın mərkəzinə gətirdilər. Bu döyülən insanlar qəzanın ən hörmətli ağsaqqalları sayılırdılar. Amazasp hamının tanıdığı Quba ermənisi Harunu çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər və şiələr hərəsi bir tərəfə çəkilib üz-üzə dursunlar. Elə o cür də durdular. Aralarında 20-30 metr olardı. Sonra iki tüfəng gətirib dedilər ki, onsuz da sizin hamınızı qıracağıq. Kim sağ qalmaq istəyirsə, dediyimizə əməl etsin. Sünnilər və şiələr növbə ilə bir-birilərinə güllə atsın. Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri irəli çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi Məhəmməd, o birisi isə şiələrin ağsaqqalı Məşədi Mirsadıq idi. Onların heç biri erməni silahını əlinə almaq istəmirdi. Qundaqla başlarını yarıb onları tüfəng götürməyə məcbur etdilər. İkisi də tüfənglərini qaldırıb bir-birlərini nişan aldı. Hamı məəttəl qalmışdı. Nisbətən cavan olan Məhəmməd heç kimin gözləmədiyi halda geri döndü və bir daşnakı yerə sərdi. Qarışıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. Qaçmaq istəyən yüzlərlə adamı pulemyotlarla qırdılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə Məhəmmədin qollarını kəsdilər, sonra ayaqlarını. Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxarıb, qollarını sındırdılar və boynunu qırdılar. Həmin gün daşnaklar məscidi dağıdıb, həm sünnilərdən, həm də şiələrdən 20-dən çox din xadimini qətlə yetirdilər”. A.Novatski məsələni dəqiqləşdirmək üçün qeyd edir ki, müsəlmanların dini heysiyyətınə toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar.

Müsəlmanların müqəddəs dini ocaqlarını yerlə yeksan edən daşnaklar dinə, Şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları də məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Hadisələrin canlı şahidlərindən olan nüfuzlu din xadimi İbrahim Aydəmirov xatırlayır: “Digah məscidində təxminən 600-700 il əvvələ aid alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı, kənd məscidinin təxminən bir kilometrliyində yerləşən müqəddəs pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan nəhəng bir daş idi”.

Qubada törətdiyi qırğınlardan quduzlaşan Amazasp əliyalın dinc əhaliyə meydan oxuyaraq deyirdi: “Mən erməni xalqının və onun mənafeyinin müdafiəçisiyəm. Mən cəza dəstəsi ilə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülmüş ermənilərə görə sizdən qisas alım. Mən bura qayda-qanun yaratmaq, sovet hakimiyyətini qurmaq üçün deyil, öldürülmüş ermənilərin qisasını almağa göndərilmişəm. Mənə əmr edilmişdir ki, Xəzər dənizindən Şahdağına kimi bu ərazidə yaşayan bütün müsəlmanları məhv edim…” Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyil.

Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etmək üçün dəniz vasitəsilə bolşevik dəstələri göndərilmişdi. Bunların hamısı Erməni Milli Şurasının göstərişi ilə edilirdi. Bolşevik əsgərləri yolda qabaqlarına çıxan müsəlman kəndlərini dağıdıb talayırdılar. Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur oldu. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri “Aleksandr Candar” paroxodu tərəfindən top atəşinə tutuldu. Yanvarda başlanan bu qırğınlar martda daha da şiddətləndi.

1918-ci ilin yanvarından 1919-cu ilin avqustunda “Molokan qiyamı” yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən iki min insanın həyatına son qoyulmuşdu.

1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Erməni silahlı dəstələri tərəfindən 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10 min 68 nəfər azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşiliklər haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhşiliklərini qurbanı olmuşdur. Ancaq o zamankı dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.

Qəzanın Vaqudu kəndində 400-dən yuxarı azərbaycanlı əhali məsciddə sığınacaq tapır və güman edirlər ki, ermənilər müqəddəs yer sayılan məscidə toxunmazlar. Ancaq məscidi mühasirə edən erməni vandalları əvvəlcə məscidə əl bombaları atır, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırırlar. Şəki kəndinin küçələrində iki yerə şaqqalanmış uşaq meyitləri atılıb qalmışdı. İrmişli kəndini talan edərkən ermənilər südəmər uşaqları süngülərə taxaraq göyə qaldırır, öldürülən meyitləri tikə-tikə doğrayırdılar. Aqudi kəndində ermənilər müsəlmanlardan xristianlığı qəbul etməyi tələb edir, bundan imtina edən qadınlara qarşı ən amansız cəza tədbirlərini həyata keçirirdilər. Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmış, on minlərlə iribuynuzlu və yüz minlərlə xırda buynuzlu mal–qara ermənilər tərəfindən sürülüb aparılmış, bağlar, taxıl zəmiləri və otlaq sahələri yandırılmış, dağıdılmış, bir sözlə qəzanın müsəlman əhalisinin iqtisadi vəziyyəti fəlakətli hala salınmışdı. Ermənilər tərəfindən qəzanın Azərbaycanın müxtəlif kəndlərinə qaçıb dağılmış əhalisinə 1 milyard manata yaxın maddi ziyan vurulmuşdur.

1918-ci ilin avqustunda İgdir və Eçmiədzin qəzalarında azərbaycanlıların qırğını Dronun rəhbərliyi altında həyata keçirilirdi. Onun göstərişi ilə bu regionda azərbaycanlıların 60-dan çox kəndi dağıdılmış, yandırılmış, əhalisinə qarşı ən sərt tədbirlər götürülmüşdü. 1918-ci ilin martına qədər İrəvan qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabrına qədər isə Eçmiədzin qəzasına məxsus 62 azərbaycanlı kəndi bütünlüklə yerlə–yeksan edilmişdir. 1919-cu ilin axırında isə Zəngibasarın biri neçə kəndi istisna olunmaqla, İrəvan qəzasının, o cümlədən Vedibasarın bütün kəndləri məhv edilmiş, əhalisi vəhşicəsinə öldürülmüş, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçmışlar. Əhali İran, Osmanlı və Azərbaycana pənah gətirmişlər.

Quqark rayonunun Vartanlı kəndində isə faciə belə başlandı: “Aprelin ortalarında iclas keçirmək adı altında azərbaycanlıları bir komaya yığırlar. Təxminən 1200-1500 adam bu komaya toplaşır. Keşiş Vahan iclası açır, bir neçə kəlmə ilə bu iki xalqın bir kənddə mehriban yaşaması haqqında fikir söyləyir. Bir qədər sonra silahlı ermənilər içəri daxıl olub keşişi bayıra çıxarır, komanın qapısına bağlayaraq damından içəriyə saman qarışıq neft töküb camaatı yandırmağa başlayırlar. Uşaq, qoca, qadın qışqırtısı ərşə dayanır, tüstüdən boğulanlar, özlərini itirənlər qapıya hücum çəkirlər”.

1918-1920-ci illərdə Andranikin silahlı dəstəsi tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində Qərbi Azərbaycan torpaqlarında təxminən 565 min nəfər türk-müsəlman öz dədə–baba torpaqlarından qovulmuş, didərgin salınmış və qətlə yetirilmişdir. Erməni tarixçisi Z.Korkodyan “Sovet Ermənistanının əhalisi 1831-1931-ci illər” əsərində yazır ki, 1920-ci ildə Ermənistanda Sovet hökuməti qurularkən bu ərazidə 10 min nəfərdən bir qədər çox türk qalmışdı. 1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir. 1920-ci il aprelin 27-də XI Qırmızı Ordunun Bakını, sonra isə Azərbaycanın bütün bölgələrini işğal etməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi. Ermənistan sovetləşən Zəngəzur qəzası daxil olmaqla həmin ərazilər Sovet Ermənistanına bağışlandı.

Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, “Daşnaksütyun” partiyasının “Böyük Ermənistan” yaratmaq planını həyata keçirmək üçün soyqırımı siyasəti olmuşdur. Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxardı. ki, bunlardan aşağıdakılara diqqəti cəlb etmək yerinə düşər:

- 1920-ci ilin aprel işğalı ilə Azərbaycan Milli hökuməti devrildi, bolşevik bayrağı altında ermənilər Azərbaycanda faktiki olaraq ikinci dəfə hakimiyyəti ələ keçirdilər. Nəticədə respublikada nəinki ziyalılara, hətta milli baxışlı kommunistlərə də divan tutuldu, milli adət-ənənələrimiz ayaq altına atıldı, bütün bu işlərin icraçıları ermənilər oldu.

- 2020-ci ildə 44 günlük Vətən müharibəsinə qədər Azərbaycanın ən ağır probleminə və xalqın ən ağır dərdinə çevrilən Qarabağ məsələsinin əsası 20-ci illərdə qoyuldu.

- Bolşevik cildinə girən daşnaklar Zəngəzur torpaqlarını zorla Azərbaycandan qoparmağa nail oldular.

- Otuzuncu illərin repressiyalarında ermənilər xalqımıza qarşı qırmızı terroru qəddarlıqla həyata keçirdilər.

- 1948-1953-cü illərdə yüz minlərlə soydaşımız öz ata-baba torpaqları olan Qərbi Azərbaycandan didərgin salındı.

- 1990-cı ilin yanvar faciəsi, 1992-ci ilin fevralında Xocalı soyqırımı, 1992-ci ildən başlayaraq Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, ümumiyyətlə, 20 faiz torpaq itkisi erməni məkrinin, ən əsası isə Mart soyqırımın unudulmasının bilavasitə nəticəsidir.

Nəhayət, Ü.Hacıbəyovun 1919-cu ildə mart soyqırımının ildönümü ilə əlaqədar yazdığı “31 mart” adlı məqaləsindən bu gün üçün də aktuallığını saxlayan bir fikri xatırlamaq yerinə düşər: “Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.

Bəli, düşmənin əsrlər boyu türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımı siyasəti cavabsız qalmadı. Tarixdən ibrət götürən Azərbaycan xalqı heç bir zaman öz əzəli torpaqlarının düşmənin əsarətində qalması faktı ilə barışa bilməzdi və barışmadı. 2020-ci ilin sentyabrında Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında Qarabağı düşmən işğalından azad etdi. Tarixə 44 günlük Vətən müharibəsi kimi daxil olan bu Zəfər düşmən işğalında olan torpaqlarımızın azad edilməsi və şəhidlərimizin intiqamının alınması ilə nəticələndi.

Mart soyqırımı Azərbaycan tarixində ən ağrılı hadisələrdən biri olmaqla, həm də ibrətli tarixdir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, gələcəkdə Ermənistanla qonşuluq münasibətləri bərpa oluna bilər, amma ermənilərin uzun illər xalqımıza qarşı həyata keçirdiyi qeyri-insani hərəkətləri heç vaxt unutmaq olmaz.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb