ELM VƏ TƏHSİL
Bir sıra ağır metal ionlarının selektiv sorbsiyası üçün tədqiqat aparılır
Kimyaçı alimin beynəlxalq konfransda məruzəsi maraq doğurub
Bakı, 31 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nanostrukturlaşdırılmış metal polimer katalizatorları laboratoriyasının aparıcı elmi işçisi, dosent Sevda Fətullayeva “Peers Alley Media” tərəfindən təşkil olunmuş və onlayn formatda keçirilən Profilaktik Tibb və İctimai Sağlamlığın Gələcəyi üzrə 3-cü Beynəlxalq Konfransda iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, tədbirdə S.Fətullayevanın “Bir sıra ağır metal ionlarının selektiv sorbsiyası üçün xitozan əsaslı polimer enterosorbentlərin alınma üsulunun hazırlanması mövzusu üzrə məruzəsi dinlənilib. O, institutda apardığı tədqiqat işi barədə, o cümlədən sintez olunan xitozan əsaslı enterosorbentlər haqqında geniş məlumat verib.
Beynəlxalq konfranslarda dünya lideri olan “Peers Alley Media” beynəlxalq məruzəçilər, tədqiqatçılar, müəllimlər və dünyanın hər yerindən maraqlı tərəflər kimi sənaye mütəxəssisləri üçün görüş nöqtəsi kimi xidmət edən illik konfranslara uğurla ev sahibliyi edir. İllik konfranslar 50-dən çox ölkədən tədqiqat laboratoriyalarını, tibb, səhiyyə və əczaçılıq mütəxəssislərini, təhsil müəssisələrinin işçilərini, assosiasiyalar və cəmiyyətləri, tədqiqatçılar, tələbələr və məzunları, profilaktik tibb və səhiyyənin bütün spektrini əhatə edir.