ELM VƏ TƏHSİL
Şərqşünas alim Frankfurtda keçirilən beynəlxalq konfransda məruzə edib
Bakı, 31 mart, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova Almaniyanın Frankfurt şəhərində keçirilən VII Beynəlxalq Avropa Fənlərarası Elmi Araşdırmalar Konfransında iştirak edib. Şərqşünas alim onlayn qoşulduğu konfransda “İranda məktəb açmış birinci böyük şəxsiyyət Rüşdiyyədir” adlı məruzə edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məruzəçi bu gün qonşu ölkədə əldə olunan bir çox elmi, mədəni, texniki, iqtisadi nailiyyətlərin kökündə məhz türkəsilli soydaşlarımızın durduğunu qürurla vurğulayaraq, tezisini çoxsaylı elmi faktlarla əsaslandırıb. Alim mülahizələrinin məntiqi davamı kimi, gələcək nəsillərin formalaşmasında müstəsna əhəmiyyətə malik ilklərə imza atan saysız-hesabsız soydaşlarımızdan biri, İranda ilk müasir tipli, dünyəvi məktəblərin banisi M.H.Rüşdiyyənin həyat və yaradıcılığından danışıb.
Qeyd edək ki, məruzədə maarifpərvər ziyalı, şair, nasir, müəllim, dini-siyasi xadim M.H.Rüşdiyyənin çoxşaxəli ictimai, elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, onun Səfəvilər dövründən sonra Cənubi Azərbaycanda ana dilimizdə ilk milli məktəb olan “Rüşdiyyə məktəbləri”ndəki təlim-tədris metodlarından da söz açılıb. Bütün şüurlu həyatını insanların savadlanmasına həsr etmiş pedaqoqun “Vətən dili” dərsliyi, çoxsaylı metodik vəsaitləri və ümumilikdə bədii irsinin müxtəlif cəhətlərdən təhlili dinləyicilərin marağına səbəb olub.