İQTİSADİYYAT
Azərbaycan və Pakistan arasında gömrük sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Haye ilə görüşüb.
DGK-dən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasındakı strateji və qardaşlıq münasibətlərinin iqtisadi-ticari əlaqələrin inkişafına müsbət təsirindən, o cümlədən gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində perspektivlərdən bəhs edilib.
Eyni zamanda, ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin artırılması, idxal-ixrac əməliyyatları üzrə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.