ELM VƏ TƏHSİL
İyunun 5-dən qəbul imtahanlarının II mərhələsinin ikinci cəhdi üçün qeydiyyat aparılacaq
Bakı, 1 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi abituriyentlərin nəzərinə çatdırır ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının II mərhələsinin ikinci cəhdində iştirak etmək üçün ərizə qəbulu tarixlərinə düzəliş edilib və qeydiyyat prosesi iyunun 5-dən 20-dək aparılacaq.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi” haqqında 2023-cü il 25 may tarixli 164 nömrəli Qərarına uyğun olaraq 26 iyun – 2 iyul tarixləri qeyri-iş günləri hesab olunduğundan Mərkəz tərəfindən imtahana hazırlıq işlərinin vaxtında başa çatdırılması üçün qeydiyyat prosesinin iyunun 20-dək aparılması nəzərdə tutulub.
Xatırladaq ki, imtahanların 2-ci cəhdi III ixtisas qrupu üzrə 8 iyul, II ixtisas qrupu üzrə 9 iyul, I ixtisas qrupu üzrə 22 iyul, IV ixtisas qrupu üzrə isə 23 iyulda keçiriləcək.