REGİONLAR
MDU Lüksemburq Universiteti ilə əməkdaşlığını davam etdirir
Bakı, 2 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) tərəfdaş Lüksemburq Universitetinin doktorant məzunu Nicat Hacıxanovun təqdimatında “Müasir tədqiqat metodları və elmi məqalələrin yazılması mexanizmləri” mövzusunda seminar keçirilib. Erasmus+ mübadilə proqramı çərçivəsində baş tutan seminarda universitetin akademik və inzibati heyət üzvləri iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminar iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov Lüksemburq Universiteti ilə qurulan münasibətlərin önəmindən bəhs edib, əməkdaşları gələcəkdə birgə reallaşdırılacaq fəaliyyətlərdən maksimum faydalanmağa dəvət edib. Hazırda modernləşməkdə olan MDU-nun elmi potensialının inkişaf etdirilməsinin diqqət mərkəzində olduğunu bildirən rektor, bu baxımdan seminarın əhəmiyyətini vurğulayıb.
Göstərilən marağa və diqqətə görə minnətdarlığını bildirən N.Hacıxanov seminarın mövzusu ilə bağlı təqdimatla çıxış edib. Təqdimatda müasir tədqiqat metodları, məqalə və tezislərin çap edilməsi üçün uyğun jurnalların seçilməsi və onların tələblərinə uyğunlaşdırılması, məqalənin planının və ədəbiyyat siyahısının düzgün tərtib edilməsi, statistik məlumatların səmərəli şəkildə toplanılması və işlənilməsi haqqında məlumat verilib və məqalənin daha keyfiyyətli ərsəyə gəlməsi üçün diqqət edilməli məqamlara toxunulub.
Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, MDU və Lüksemburq Universiteti arasında Erasmus+ proqramı çərçivəsində protokol ötən il imzalanıb. Protokolda hər iki universitet arasında tələbə və heyətin mübadiləsi üçün müvafiq imkanların təmin edilməsi razılaşdırılıb.