ELM VƏ TƏHSİL
Türkiyəli alimlər Geologiya və Geofizika İnstitutunda
Bakı, 2 iyun, AZƏRTAC
İstanbul Texniki Universitetinin Mədən yataqları fakültəsinin neft və təbii qaz bölməsinin professoru Ömər İnanç Türeyen, Mədən yataqları və geokimya fakültəsinin professoru Emin Çiftçi, Mühəndislik fakültəsinin professoru Erol Kam və digər qonaqlar Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda olublar.
Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə Elm və Təhsil Nazirliyinin dəvəti ilə Bakıya gəlmiş alimlərlə görüşərək onlara rəhbəri olduğu elmi müəssisə, burada aparılan tədqiqatlar, Azərbaycan elminə mühüm töhfələr vermiş alimlər, institutda gənc alimlərin yetişməsi prosesi, elmi nəşrlər, perspektivlər və s. haqqında məlumat verib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, baş direktor, həmçinin qonaqları maraqlandıran sualları cavablandırıb. Görüşdə birgə fəaliyyətin mümkünlüyü barədə də müzakirələr aparılıb.
Sonra qonaqlar institutunun laboratoriyalarında elmi-tədqiqat işləri, müasir avadanlıq və cihazların iş prinsipi ilə yaxından tanış olublar. Müvafiq şöbə rəhbərləri həmkarlarını aparılan işlər haqqında məlumatlandıraraq onları maraqlandıran sualları cavablandırıblar.
Türkiyəli qonaqlar sonra institutun Geoloji-Mineraloji Muzeyində olublar.