DÜNYA
Kanadada 3 milyon hektar meşə sahəsi yanıb
Bakı, 2 iyun, AZƏRTAC
Kanadada bir neçə gündür davam edən meşə yanğınları 3 milyon hektar sahəni məhv edib.
AZƏRTAC xəbər verir ki, Kanadanın fövqəladə hallar xidməti Yeni Şotlandiya əyalətində bazar günü başlayan təbiət yanğınları ilə mübarizəyə hərbçilərin cəlb olunduğunu bildirib. Həmçinin Alberta əyalətində ABŞ-dan 800 nəfər, Avstraliya və Yeni Zelandiyadan isə 224 nəfər olmaqla 2400 yanğınsöndürən çalışır. Yaxın zamanlarda Cənubi Afrikadan 215 yanğınsöndürənin də ölkəyə gələcəyi gözlənilir.
Yerli mediada yayılan məlumata görə, ölkə ərazisində indiyədək 211 yanğın ocağı qeydə alınıb, onlardan 82-ni hələ də nəzarət altına almaq mümkün olmayıb.
Kanada mayın əvvəlindən bəri meşə yanğınları ilə mübarizə aparır. Mayın 6-da Alberta əyalətində 29 min nəfər təhlükəsiz ərazilərə təxliyə edilib. Mayın 28-dən Yeni Şotlandiya əyalətində davam edən yanğınlar isə 200-dən çox binaya zərər vurub, 14 min nəfər isə evlərini tərk etmək məcburiyyətində qalıb.