İQTİSADİYYAT
Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirləri müavinlərinin görüşü keçirilir
Moskva, 2 iyun, AZƏRTAC
Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirləri müavinlərinin üçtərəfli görüşü keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya hökuməti sədrinin müavini Aleksey Overçukun mətbuat katibi Andrey Matveyev bildirib.
Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Aleksey Overçuk və Mger Qriqoryan nəqliyyat kommunikasiyalarının açılması məsələlərini müzakirə edəcəklər.
Aleksey Overçuk bir neçə gün əvvəl jurnalistlərə müsahibəsində görüşdə Azərbaycan-Ermənistan sərhədi ilə bağlı məsələlərin də nəzərdən keçiriləcəyini deyib. “Bu sərhəddə beynəlxalq sərhədlərdə olan bütün nəzarət növləri - pasport, gömrük və s. fəaliyyət göstərəcək”, - deyə o bildirib. A.Overçuk əlavə edib ki, tərəflər Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu xəttinin bərpasına olduqca yaxındırlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva