CƏMİYYƏT
Paytaxtın uşaq evlərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib
Bakı, 2 iyun, AZƏRTAC
Paytaxtın uşaq evlərində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, paytaxtdakı 1, 2 və 3 nömrəli uşaq evlərinin sakinləri üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə musiqili-əyləncəli bayram tədbirləri keçirilib.
Uşaq evlərinin həyətlərində, yaşıllıqlar qoynunda uşaqlar üçün süfrələr açılıb. Təşkilatçılar balaca fidanlar üçün müxtəlif əyləncələr, şən musiqi və rəqs nömrələri ilə xoş ovqat yaşadıblar. Uşaqların qarşısında animatorlar və Dj-lər maraqlı nömrələr və şoularla çıxış ediblər. Uşaqlar özləri də şən mahnı sədaları altında rəqs ediblər.
Maraqlı keçən şənliklər uşaqlar tərəfindən böyük sevinclə və gur alqışlarla qarşılanıb.