CƏMİYYƏT
Laçın və Kəlbəcərdə fəaliyyət göstərəcək fermerlər partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilir
Bakı, 2 iyun, AZƏRTAC
Müharibədən sonrakı dövrdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri ölkə üzrə 410 min 192 nəfər vətəndaşı əhatə edib.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Böyük Qayıdış” çərçivəsində bu missiya daha da intensiv şəkildə davam etməkdədir.
Bu dəfə Laçın və Kəlbəcər rayonlarında fəaliyyət göstərəcək fermerlərə ANAMA və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilib. Dörd gün mərhələli şəkildə davam edən təlimlər 2374 nəfəri əhatə edib.
Təlimlərdə fermerlərə şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilib. Həmçinin müxtəlif növ mina və sursatların vizual tanınması üçün maketləri nümayiş olunub, ehtiyatsızlığın ağır fəsadlarla nəticələnə biləcəyi çatdırılıb.
Qeyd edək ki, dövlət qurumları və özəl müəssisələrin mütəxəssisləri üçün “Təlimçilərin Təlimi” üzrə maarifləndirmə proqramı da davamlı şəkildə icra edilməkdədir.