CƏMİYYƏT
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Bakı, 9 iyun, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 7-də Ağsu rayonunun ərazilərində keçirilən belə tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə, istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması faktları aşkarlanıb.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi), 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə) və 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) maddələrinin tələblərini pozduqlarına görə Ağsu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin sədri, Pirhəsənli və Yəgəli kənd bələdiyyələrinin sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.