SİYASƏT
27 saylı Sabunçu ikinci dairəsinin bütün məntəqələrində səsvermədə fəallıq müşahidə olunur
Bakı, 26 sentyabr, AZƏRTAC
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasının tərkibinə daxil olan məntəqələrdə ümumxalq səsverməsi şəffaf şəraitdə davam edir.
Saat 15:00-a olan məlumata görə dairə üzrə 22 min 302 nəfər səsvermədə iştirak edib. Bu da seçicilərin 45,5 faizini təşkil edir. Şəffaflığın təmin edilməsi məqsədilə dairənin on məntəqəsində veb-kameralar quraşdırılıb. Səsvermə prosesini izləmək üçün dairədə 400-dən çox yerli müşahidəçi qeydiyyata alınıb.
Dairə seçki komissiyasının sədri Nadir Əjdərov AZƏRTAC-a bildirib ki, 27 saylı Sabunçu ikinci dairə seçki komissiyasının tərkibində olan 40 məntəqə bütün zəruri avadanlıqla təmin edilib, dairə üzrə 49 min 15 nəfər qeydə alınıb. Seçki dairəsinin əhatə etdiyi bütün məntəqələrdə səsvermədə fəallıq müşahidə olunur. Məntəqələrdə səsvermə prosedurlarına ciddi əməl olunur.
Məntəqə seçki komissiyalarında yerli müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri səsvermənin gedişini izləyirlər.