MƏDƏNİYYƏT
“28 Mall”da açılan sərgi ilə hər kəs tanış ola bilər
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və “28 Mall” Ticarət Mərkəzinin birgə dəstəyi ilə sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərginin əsas məqsədi “Bakı-2015” birinci Avropa Oyunları ilə əlaqədar Azərbaycana gələn turistləri xalqımızın incəsənəti, mədəniyyəti ilə yaxından tanış etməkdir. Ölkənin həyatında baş verəcək bu əlamətdar hadisə mədəniyyətimizə də təsir edir və xüsusilə rəssamlıqda özünü göstərməkdədir.
Sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə və müəllim heyətinin əsərləri, o cümlədən diplom işlər nümayiş olunur. Təqdim edilən əsərlər Azərbaycan mədəniyyətinin, incəsənətinin milli xüsusiyyətlərini əks etdirir.
Xalçalar, qobelen, miniatür sənət nümunələri və digər əl işlərinin sərgiləndiyi ekspozisiya “28 Mall” Ticarət Mərkəzinin şəhərə baxan stendlərində quraşdırılıb. Bura şəhərin mərkəzi olduğu üçün hər kəsin, xüsusilə şəhərimizin qonaqlarının sərgi ilə tanış olmağına imkan verən münasib məkandır.
Sərgi “Bakı-2015” birinci Avropa Oyunları müddətində nümayiş olunacaq.