İQTİSADİYYAT
“28 May-Aeroport” marşrut xəttində yeni avtobuslar istifadəyə verilib
Bakı, 30 noyabr, Elvin Camalov, AZƏRTAC
“BakuBus” MMC “28 May” metro stansiyası ilə Heydər Əliyev Beynəlxalq aeroportu arasında işləyən marşrut xəttində yeni “Neoplan” avtobuslarını istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, bu haqda “BakuBus” MMC-dən məlumat verilib.
Məlumata görə yeni avtobusların sayı 5 ədəddir və indiyədək fəaliyyət göstərən “İveco Urbanway” modelli avtobusların yerinə buraxılıb. “28 May-Aeroport” xətti üzrə hərəkət edəcək avtobusda gediş haqqı 1 manat 30 qəpikdir. Gediş haqqı Bakıkartla ödəniləcək.
Almaniyanın “Man” şirkətinin istehsalı olan “Neoplan” adlanan avtobuslarda baqaj yeri, mini mətbəx, soyuducu, wi-fi sistemi və ayaqyolu var, avtobusların tutumu 48 nəfərdir.
Yeni avtobuslar 24 saat fəaliyyət göstərəcək. Həm aeroportdan, həm də "28 May" metro stansiyasından çıxış intervalı 1 saat nəzərdə tutulub və sərnişinlər 30 dəqiqə ərzində mənzil başına rahatlıqla çata biləcəklər.
Qeyd edək ki, sözügedən avtobuslar dayanacaqda saxlamayacaq. Sərnişinlər yalnız "28 May" metro stansiyasında və aeroportda avtobuslara minə biləcəklər.