SİYASƏT
28 May-Respublika Günü Ər-Riyadda da qeyd edilib
Ər-Riyad, 25 may, AZƏRTAC
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi Ər-Riyad şəhərindəki Diplomatik şəhərcikdə yerləşən “Tuveq” Sarayında 28 May-Respublika Günü münasibətilə təntənəli mərasim təşkil edib.
Mərasimdə Ər-Riyad vilayətinin Qubernatoru, Şahzadə Fəisəl bin Bəndər bin Əbdüləziz, Xarici İşlər Nazirliyinin Protokol İdarəsi rəisinin katibi Fahd Al Buşri, sabiq nazir müavini, səfir Ələddin Əl-Əskəri və digər yüksək səviyyəli rəsmilər, bu ölkədə fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, ziyalılar, türk diasporunun nümayəndələri, iş adamları, həmvətənlərimiz və media təmsilçiləri iştirak ediblər.
Mərasim keçirilən sarayın foyesində və böyük zalında Azərbaycanın ən məşhur yerlərini, təbiətini, köhnə Bakını, şəhərin gecələrini və cari ilin aprelində Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfərini əks etdirən fotostendlər quraşdırılıb. Ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, son illər əldə etdiyi iqtisadi nailiyyətlər barədə sənədli filmlər nümayiş etdirilib.
Həmçinin iştirakçılar xüsusi yaradılmış guşədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan həqiqətlərinə dair ərəb və ingilis dillərində nəşr olunmuş kitablar, “İRS-Heritage”, “Baku” və “Azərbaycan xalçaları” adlı jurnallar, Azərbaycanın və Dağlıq Qarabağın xəritələri, eləcə də Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ haqqında həqiqi faktlar” və “Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)” adlı kitabçalar ilə tanış olublar.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra mərasimi açan səfir Rasim Rzayev 97 il bundan əvvəl Şərqdə qurulmuş ilk dünyəvi, demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən və Cümhuriyyət rəhbərlərinin böyük xidmətlərindən söhbət açıb. O, həmçinin Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra qazandığı uğurlardan danışıb, ümummilli lider Heydər Əliyevin tarixi dövlətçilik missiyası və Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi hərtərəfli inkişaf strategiyası, həmçinin dövlətimizin başçısının Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri haqqında geniş məlumat verib.
Mərasim ziyafətlə davam edib.
Yerli media tədbiri geniş işıqlandırıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad