SİYASƏT


28 May–Respublika Günü İspaniyada qeyd edilib VİDEO

Madrid, 26 may, AZƏRTAC 

Azərbaycanın İspaniyadakı səfirliyi tərəfindən 28 May–Respublika Günü münasibətilə Madriddə qəbul təşkil edilib.

Mərasimdə İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, hərbi attaşelər, ispaniyalı iş adamları, həmvətənlərimiz, KİV nümayəndələri iştirak ediblər.

Təntənəli mərasimdə əvvəlcə Azərbaycanın və İspaniyanın dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan səfir Anar Məhərrəmov Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, mövcud olduğu qısa müddət ərzindəki fəaliyyətindən danışıb. O, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan 1993-cü ildə hakimiyyətə ulu öndər Heydər Əliyevin xalqın təkidi ilə qayıtması ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə olunub və ölkəmizdə bütün sahələrdə inkişafa nail olunub. Məhz bu anlamda 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” əvəzolunmaz dəyərə malik idi.

Bu gün də Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxili və xarici siyasətdə əldə etdiyi nailiyyətlər davam edir.

Diplomat Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü qeyd edib. Səfir bildirib ki, bununla belə bu gün Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətidir. Ölkəmiz bir çox beynəlxalq tədbirlərə, mötəbər idman yarışlarına və mədəniyyət festivallarına ev sahibliyi edir.

2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” elan olunduğunu qeyd edən səfir Anar Məhərrəmov bu çərçivədə İspaniyanın Madrid və Mursiya şəhərlərində keçirilmiş konfransları, həmçinin “Rey Juan Carlos” universitetində təşkil olunmuş “Azərbaycandakı multikulturalizm modeli” adlı ilk seminarı xatırladıb. Bildirilib ki, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından 25 il ötür və bu gün mövcud olan münasibətlər uğurla inkişaf edir.

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunduğu Azərbaycanın müsəlman ölkələri arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni vurğulayan səfir Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının müsəlman ölkələri arasında həmrəyliyin daha da gücləndirilməsindəki rolunu diqqətə çatdırıb. Bu yarışlar Azərbaycanda əsrlərboyu formalaşmış tolerantlıq və multikulturalizm mühitinin dünyaya tanıdılması baxımından əlverişli imkan idi.

Respublika Günü münasibətilə keçirilən tədbirdə çıxış edən İspaniyanın Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin xarici siyasət və təhlükəsizlik baş idarəsinin rəhbəri Enrike Mora bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib. O, çıxışında İspaniya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, 2014-cü ildən Azərbaycanda İspaniya nümayəndəliyi fəaliyyət göstərir və gələcəkdə səfirliyin də açılması mümkün olacaq. O, İspaniyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, Dağlıq Qarabağı yalnız Azərbaycan sərhədləri daxilində tanıdığını xüsusi vurğulayıb. Enrike Mora İspaniyanın Cənubi Qafqaz regionuna böyük əhəmiyyət verdiyini və bu səbəbdən əsas marağın Azərbaycana yönəldiyini, ölkəsinin müxtəlif sahələrdə əməkdaşlığa hazır olduğunu da deyib.

Daha sonra tədbir iştirakçıları Azərbaycanın mədəniyyətini, idman sahəsindəki uğurlarını və iqtisadi inkişafını əks etdirən filmi izləyiblər.

Tədbirdə milli “Sarı gəlin” və “Mirzəyi” rəqsləri, klassik musiqi nümunələri ifa olunub. Qonaqlar Azərbaycan mətbəxinin ən gözəl təamlarından dadıblar.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.