REGİONLAR
28 May - Milli kimliyimizin siyasi təsdiqi günü
Gəncə, 29 may, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə 28 May - Respublika günü münasibətilə “Azərbaycan Xalq Cümhuriyyətinin 98-ci ildönümünün tarixi və müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) fəaliyyətindən danışan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, AXC çox şərəfli və mürəkkəb bir yol keçib, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika kimi adını tarixə yazıb.
Konfrans iştirakçılarının nəzərinə çatdırılıb ki, tədbirin Azərbaycan Dövlət Aqrar Universitetinin baş binasında keçirilməsi heç də təsadüfi deyil. Məhz, Azərbaycan Xalq Cümhuriyyəti, onun əsasını qoyan mütərəqqi fikirli ziyalılar dövrün mürəkkəb siyasi şəraiti ilə əlaqədar olaraq Gəncə şəhərini özlərinə paytaxt seçməli olublar. Dövlətin ilk hökuməti də bu binada fəaliyyət göstərib.
AXC-nin Gəncədəki fəaliyyət dövrünü xarakterizə edən Elmar Vəliyev diqqətə çatdırıb ki, dövlət tərəfindən qısa zaman ərzində bir sıra qanunlar qəbul edilib, mühüm qərarlar verilib. Osmanlı dövləti ilə imzalanan dostluq və əməkdaşlıq müqaviləsinə əsasən Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gəlib, burada formalaşdırılan silahlı qüvvələrin gücü ilə Bakı şəhəri o dövrdə bolşeviklər və erməni daşnakları tərəfindən mürtəce rejim kimi yaradılan Xalq Komissarları Sovetinin qoşunlarından azad olunub və dövlətin paytaxtı Bakı şəhərinə köçürülüb. Eyni zamanda AXC-nin Gəncədə fəaliyyəti dövründə Azərbaycanın dövlət rəmz və nişanlarına, dövlət dilinə, təhsilə, mədəniyyətə və ictimai-siyasi həyatın bütün sahələrinə aid bir sıra qanunlar qəbul edilib, qərarlar verilib. Ən əsası isə Gəncə şəhərinin tarixi adı bərpa edilərək özünə qaytarılıb.
Azərbaycanın 1991-ci ildə bərpa etdiyi müstəqilliyinin ilk illəri də çətin keçib. Həmin dövrdə ölkədə hökm sürən xaos, hakimiyyətsizlik və özbaşınalıq hallarının yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra qarşısı alınıb.
Elmar Vəliyev 1993-cü ildən sonrakı ilk beş ili respublikada sabitliyin bərqərar edildiyi, inkişaf dövrünün başlandığı, dövlətçiliyin əsaslarının formalaşdırıldığı və ümumi inkişaf strategiyasının müəyyənləşdirildiyi dövr kimi xarakterizə edib.
İcra başçısı xüsusi vurğulayıb ki, müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız bu gün də inamla irəliləyir, dinamik inkişaf edir, regionda və dünyada lider dövlət mövqeyini möhkəmləndirir. Elmar Vəliyev çıxışını ümummilli lider Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və dönməzdir” deyimi ilə tamamlayıb.
Daha sonra tədbirdə “Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixində yeri və rolu”, “Müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir”, “Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə dövrü” mövzularında məruzələr dinlənilib.