SİYASƏT


28 May - Respublika Günü Ankarada da qeyd olunub

Ankara, 25 may, АZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə ölkəmizin Ankaradakı səfirliyində qəbul təşkil edilib.

Qəbulda Türkiyənin dövlət, hökumət və parlament nümayəndələri, silahlı qüvvələrin qoşun növü komandanları, Ankaradakı diplomatik korpus təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, beynəlxalq təşkilatların rəhbərləri, Türkiyədəki Azərbaycan diasporunun fəalları, tanınmış elm və sənət adamları, ziyalılar, qardaş ölkədə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov ölkəmizin istiqlaliyyət tarixindən, ulu öndər Heydər Əliyevin müstəqilliyimizin möhkəmlənməsindəki tarixi missiyasından, Prezident İlham Əliyevin müasir Azərbaycanın inkişafı naminə gördüyü çoxşaxəli işlər haqqında ətraflı məlumat verib.

Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan iki ölkə arasındakı qardaşlıq münasibətlərinin sarsılmaz olduğunu qeyd edib, bütün sahələrdəki əməkdaşlığımızın uğurla davam etdiyini vurğulayıb.

Daha sonra tədbir iştirakçıları Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi və Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsinə həsr edilən fotosərgi ilə tanış olublar.

Tədbir iştirakçıları Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin edən ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin zəngin və mənalı həyatına həsr edilən kitablara böyük maraq göstəriblər.

Xalq artisti Azərinin ifasında səslənən Azərbaycan mahnıları isə gecəni daha da rövnəqləndirib.

Əsl bayram ab-havasının hakim olduğu tədbir qonaqlarda unudulmaz təəssüratlar yaradıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.