SİYASƏT
28 May - Respublika Günü Ankarada təntənəli şəkildə qeyd edilib
Ankara, 29 may, AZƏRTAC
Azərbaycanın Türkiyədəki səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Qəbulda Türkiyənin yüksək səviyyəli rəsmi şəxsləri, parlamentin üzvləri, siyasi partiyaların təmsilçiləri, ölkədə fəaliyyət göstərən QHT-lərin rəhbərləri və nümayəndələri, diplomatik korpusun üzvləri, ictimaiyyətin tanınmış simaları, diaspor və KİV təmsilçiləri iştirak ediblər.
Mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Çıxış edən səfir Faiq Bağırov XX əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət yaradan Azərbaycan xalqının yüksək siyasi mədəniyyəti və dövlətçilik ənənələrinə diqqət çəkərək, xalqımızın öz müstəqilliyi uğrunda uzun mübarizə yolu keçdiyini vurğulayıb. Səfir ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası sayəsində Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, ölkəmizin iqtisadi qüdrəti barədə söhbət açıb. O deyib ki, Azərbaycan bütün sahələr üzrə sürətli inkişaf yolunda olması sayəsində “Bakı-2015” birinci Avropa Oyunlarına ev sahibliyi etmək hüququ qazanıb.
Azərbaycan xalqını əlamətdar bayram münasibətilə təbrik edən Türkiyə Baş nazirinin müavini Yalçın Akdoğan ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu, bütün sahələrdə əməkdaşlığın genişləndiyini, TANAP və birgə həyata keçirilən digər iqtisadi layihələr sayəsində hər iki ölkənin əzmlə inkişaf etdiyini vurğulayıb.
İştirakçılara türk dilində nəşr olunan "Heydər Əliyev" və "İlham Əliyev" kitabları, Azərbaycan həqiqətlərini əks etdirən digər nəşrlər və əyani vəsaitlər paylanılıb.
Ziyafətlə davam edən mərasim Türkiyənin TRT HABER, TRT AVAZ telekanalları və Anadolu Agentliyi tərəfindən işıqlandırılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara