SİYASƏT
28 May - Respublika Günü Avstraliyada təntənəli şəkildə qeyd edilib
Bakı, 26 may, AZƏRTAC
Azərbaycanın milli bayramı 28 May - Respublika Günü Avstraliyanın Pert şəhərində təntənəli şəkildə qeyd edilib. Bu şəhərdə fəaliyyət göstərən Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Respublika Günü ilə əlaqədar ziyafət təşkil olunub.
Tədbirdə Milli Məclisin deputatları - Avstraliya ilə parlamentlərarası dostluq qrupunun sədri Xanlar Fətiyev və Asim Mollazadə iştirak ediblər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Con Hammond çıxış edərək Azərbaycan haqqında geniş məlumat verib.
Deputat Asim Mollazadə 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublikanın yaranmasından danışıb və bildirib ki, bu, Azərbaycanın şanlı tarixində böyük bir mərhələnin əsasını qoyub. O, Azərbaycan həqiqətləri, Ermənıstan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, Xocalı faciəsi haqqında ətraflı məlumat verib, Azərbaycanın multikulturalizm ənənələrindən söhbət açıb.
Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Lyuk Simpkins çıxışında qeyd edib ki, Ermənıstan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, ədalətli prinsiplərlə həll olunmalı, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır.
Milli Məclisin deputatı Xanlar Fətiyev Azərbaycanın müstəqil dövlət quruculuğu tarixində yeni dövrün ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə başlandığını qeyd edib. Əsası Ulu Öndər tərəfindən qoyulmuş, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkəmizin dünyada nüfuzunun artdığını və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanın müstəqil dövlətçilik tarixi, siyasəti, iqtisadiyyatı, mədəniyyəti və turizm potensialı, həmçinin ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyat və fəaliyyətləri, müstəqil Azərbaycanın inkişafı yolunda gördükləri işlər, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələr, Ermənıstan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi haqqında məlumatlar verilib.
Mərasim zamanı Azərbaycan haqqında sənədli film nümayiş olunub, iştirakçılara Azərbaycan həqiqətlərini əks etdirən kitablar paylanılıb.
Tədbirdə Avstraliyanın dövlət və hökumət rəsmiləri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan, türk, yəhudi icmalarının təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.