SİYASƏT
28 May – Respublika Günü Birləşmiş Ərəb Əmirliklərində də qeyd edilib
Bakı, 27 may, AZƏRTAC
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi 28 May - Respublika Gününə həsr olunmuş ziyafət təşkil edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, BƏƏ-nin enerji naziri Süheyl Əl-Məzruinin əsas qonağı olduğu, eləcə də Prezidentin hüquqi və dini məsələlər üzrə müşaviri Ömər Əl-Həşimin, Əbu-Dabi Vəliəhdinin Protokol xidmətinin, Xarici İşlər Nazirliyinin məsul şəxslərinin, parlament üzvlərinin, digər dövlət qurumlarının əməkdaşlarının, diplomatik korpusun rəhbərlərinin, habelə Azərbaycan icmasının üzvlərinin iştirak etdikləri ziyafət hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Səfir Daşqın Şikarov 28 May - Respublika Gününün tarixindən və əhəmiyyətindən bəhs edib. Məhz bu tarixdə yaradılan Azərbaycan Demokratik Respublikasının müsəlman Şərqində demokratiya prinsiplərinə əsaslanan, qadınları səsvermə hüququ ilə təmin edən, bununla da ABŞ, Böyük Britaniya kimi dövlətləri qabaqlayan ilk dövlət olduğunu vurğulayıb.
Müasir tariximizdən söhbət açan səfir xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasını acı taleyinin təkrarlanmasından xilas etdiyini, demokratik prinsiplər üzərində hərtərəfli islahatların, o cümlədən ölkəmizin xarici və daxili siyasi kursunun, enerji strategiyasının memarı olduğunu xatırladıb. Həmçinin Heydər Əliyev irsinin azərbaycanlı gənclərə ötürülməsi, Azərbaycan həqiqətlərinin dünya miqyasında tanıdılması işində birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti barədə söhbət açılıb.
Səfir ölkələrimiz arasında möhkəm təməl üzərində qurulan ikitərəfli dostluq və əməkdaşlıq əlaqələrinin ulu öndərlər Heydər Əliyev və Şeyx Zayed bin Sultan Əl-Nəhyanın 1994-cü ildə keçirilmiş Kasablanka Sammiti çərçivəsində baş tutmuş tarixi görüşündə qurulduğunu və həmin əlaqələrin layiqli davamçılar - Prezident İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Əl-Nəhyan tərəfindən daha da möhkəmləndirildiyi diqqətə çatdırılıb.
Daşqın Şikarov cari ilin fevral ayında Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfərini xatırlayaraq bu səfərin, eləcə də 2015-ci ilin aprel ayında BƏƏ-nin Vitse-Prezidenti, Baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun Azərbaycana rəsmi səfərinin mövcud əlaqələrin daha da sıxlaşmasına və zənginləşməsinə müstəsna töhfələr verdiyini vurğulayıb. O, Prezident İlham Əliyevin BƏƏ vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı qərarının əhəmiyyətini qeyd edib və ilkin nəticələrini qonaqların diqqətinə çatdırıb.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə nəzər salarkən Azərbaycanın ədalətli mövqeyinə davamlı dəstəyə görə Prezident Şeyx Xəlifə bin Zayed Əl-Nəhyana, Vitse-Prezident Şeyx Məhəmməd bin Rəşid Əl-Maktuma və Əbu-Dabinin vəliəhdi, BƏƏ Silahlı Qüvvələri Ali Baş Komandanının müavini Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyana Azərbaycan hökuməti və xalqı adından minnətdarlığını ifadə edib.
Sonra qonaqlar Azərbaycanın mətbəxinin təamlarından dadıblar.
Tədbir boyu milli musiqi mədəniyyətimizə xas olan incilərin müşayiəti ilə ölkəmizin turizm imkanlarını, paytaxt Bakının müasir görüşünü və əzəmətli tikililərini, eləcə də “Formula-1” yarışını əks etdirən videoçarxlar nümayiş olunub, mədəniyyətimizə, tariximizə, ənənəvi və qeyri-ənənəvi qış və yay turizmi üçün yaradılmış şəraitə aid təbliğat materialları qonaqlara təqdim edilib.