SİYASƏT
28 May – Respublika Günü Estoniyada da qeyd edilib
Tallin, 31 may, AZƏRTAC
Azərbaycanın Estoniyadakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Azərbaycanın və Estoniyanın dövlət himnləri səsləndirildikdən sonra səfir Murad Nəcəfbəyli çıxış edərək 28 May – Respublika Gününün əhəmiyyəti, Azərbaycan Demokratik Respublikasının tarixi haqqında danışıb. O, müsəlman Şərqində ilk demokratik respublikanın cəmi 23 ay yaşamasına baxmayaraq, dünya demokratiyasına töhfə verdiyini söyləyib. Azərbaycanın dövlət quruculuğunda əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verən səfir bildirib ki, Azərbaycan Demokratik Respublikası parlament və çoxpartiyalı hökumətin, eləcə də dövlətçilik atributlarının yaradılmasına nail olub, Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququ məhz Azərbaycanda verilib. Sovet ordusu tərəfindən 1920-ci ildə işğalından öncə respublikanın müstəqilliyi 26 dövlət tərəfindən tanınmış, 19 dövlət ilə diplomatik əlaqələr qurulmuşdu.
1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan Respublikasının bu 25 il ərzində bir sıra çətinliklərlə üzləşməsindən bəhs edən səfir Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfir vurğulayıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, bu illər ərzində ölkəmiz siyasi, iqtisadi, sosial və diplomatik sahələrdə böyük nailiyyətlər əldə edib və bütün bunlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd edilib hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan siyasi-iqtisadi islahatlar ölkəmizin davamlı inkişafını təmin edir. Həyata keçirilən tədbirlər ümummilli lider Heydər Əliyevin uzaqgörən müdrik siyasətinin məntiqli davamıdır.
Səfir müstəqil siyasət aparan Azərbaycanın son 25 il ərzində beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi göstərdiyini və regional inkişafa, təhlükəsizliyə, sabitliyə, eləcə də multikulturalizmə mühüm töhfə verdiyini qeyd edib.
Tədbir ziyafətlə davam edib.
Rəsmi qəbulda Estoniyanın yüksək vəzifəli şəxsləri, bu ölkənin idarə və təşkilatlarının nümayəndələri, parlament üzvləri, Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri və üzvləri, Tallində akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və üzvləri, Estoniyanın milli televiziya və radio şirkətinin rəhbərliyi və əməkdaşları, aparıcı media qurumlarının nümayəndələri, alimlər, görkəmli mədəniyyət xadimləri, iş adamları, o cümlədən Estoniyadakı Azərbaycan, yəhudi, tatar, gürcü, Litva icmalarının təmsilçiləri iştirak ediblər. Tədbirdə fəxri qonaq qismində Estoniyanın sabiq Prezidenti Arnold Rüütel də iştirak edib.
Rəsmi qəbulda Azərbaycanın iqtisadiyyatını, turizm imkanlarını və mədəniyyətini əks etdirən videoçarxlar nümayiş olunub, milli musiqilərimiz səsləndirilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin