SİYASƏT
28 May - Respublika Günü İordaniyada da qeyd edilib VİDEO
Əmman, 25 may, AZƏRTAC
Azərbaycanın İordaniyadakı səfirliyi 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Üç yüzədək qonağın iştirak etdiyi qəbulda Azərbaycanın və İordaniyanın himnləri səsləndirilib. Səfir Sabir Ağabəyov çıxışında Azərbaycanın tarixi keçmişinə nəzər salıb, ölkəmizin müstəqilliyinin bərpasından ötən illər ərzində həyata keçirilmiş uğurlu siyasət nəticəsində əldə edilən nailiyyətlər barədə danışıb.
Azərbaycan-İordaniya ikitərəfli əlaqələrinin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu deyən diplomat iki ölkə arasında müxtəlif sahələri əhatə edən 40-dək sazişin imzalandığını diqqətə çatdırıb. O, münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, parlamentlərarası əməkdaşlığın əhəmiyyətini qeyd edib. Diplomat Əmmanda yerləşən Heydər Əliyev prospektində eyni adlı meydanın və fəvvarənin açılışına göstərdikləri dəstəyə və əməkdaşlığa görə Böyük Əmman Bələdiyyəsinə təşəkkürünü bildirib. O, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində göstərdikləri səylərə və dəstəyə görə İordaniya rəhbərliyinə minnətdarlığını ifadə edib.
Rəsmi qəbulda Azərbaycanın sosial-iqtisadi inkişafına dair filmlər nümayiş etdirilib. Mərasim boyu Azərbaycanın xalq, klassik və estrada musiqiləri, habelə görkəmli bəstəkarlarımızın simfonik muğamları səsləndirilib. Tədbir ziyafətlə davam edib.
Respublika Günü ilə bağlı qəbul İordaniya kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman