SİYASƏT
28 May – Respublika Günü Kuba mətbuatında işıqlandırılıb
Vaşinqton, 4 iyun, AZƏRTAC
Kubanın nüfuzlu “Bohemia” jurnalında Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr edilmiş “Azərbaycan: sivilizasiyalararası dialoq üçün əsas ölkə” başlıqlı geniş məqalə dərc edilib.
Məqalədə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olmuş Azərbaycanın müstəqilliyinin elan edilməsi tarixindən geniş söz açılır. İki ilə yaxın müddətdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətində parlamentin yaranması və tarixi nailiyyətləri haqda məlumat verilir.
Həmçinin məqalədə Respublika Günü münasibətilə Azərbaycanın Kubadakı Səfirliyi tərəfindən Kuba Xalqlar Dostluğu İnstitutunun ictimai mərkəzində keçirilmiş bayram tədbirindən geniş bəhs edilir. Təşkilatın Avropa ilə əlaqələr üzrə rəisi Qladis Elenanın təbrik çıxışında minnətdarlıqla səsləndirdiyi sözlərə istinad olunaraq, minlərlə kubalı gəncin Azərbaycanda ali təhsil aldıqları qeyd edilir, habelə Kubaya qarşı tətbiq edilən blokadanın aradan qaldırılması üçün Azərbaycanın dəstəyinin Kuba xalqı və hökuməti tərəfindən heç vaxt unudulmayacağı bildirilir.
Müəllif Azərbaycanın Kubadakı müvəqqəti işlər vəkili Cavanşir Salehovun bayram tədbirindəkı çıxışına istinadən, Azərbaycan Xalq Cümhuriyyətinin nailiyyətləri, xalqımızın qədim və zəngin çoxmədəniyyətli tarixi irsi, ölkəmizin beynəlxalq nüfuzu və iqtisadi inkişaf yolundan danışır. Vurğulanır ki, müasir Azərbaycanın inkişafının təmin edilməsi yolunda qazanılmış uğurlar xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi xidmətləri sayəsində mümkün olub. Bununla yanaşı, Azərbaycanın sosial-iqtisadi uğurlarına və beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə ağır müharibə şəraitində nail olunduğu bildirilir. Bu xüsusda, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərinin 20 faizinin indiyədək Ermənistanın işğalı altında olması, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi barədə məlumat verilir.
Vurğulanır ki, Ermənistanın davam edən hərbi təcavüzünə baxmayaraq, Azərbaycan bütün beynəlxalq təşkilatlar çərçivəsində özünün işğal edilmiş ərazilərinin azad olunması uğrunda mübarizəsini davam etdirir. Eyni zamanda, Azərbaycan sürətlə inkişaf edərək, müstəqil və güclü mövqeyə malik ölkəyə çevrilib. “Azərbaycan 2020: Gələcəyə baxış” inkişaf konsepsiyası haqda məlumat verən müəllif, bu geniş tədbirlərin ölkənin bütün sektorlarının inkişaf etdirilməsi, Azərbaycan xalqının rifahının daha da yüksəldilməsi və dövlətin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə yönəldiyini diqqətə çatdırır.
İlk dəfə 1908-ci ilin 10 may tarixində işıq üzü görən Kubanın ən çox oxunan “Bohemia” jurnalı Latın Amerikası regionunda ən qədim jurnal hesab edilir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton