SİYASƏT
28 May - Respublika Günü Tokioda təntənəli şəkildə qeyd edilib VİDEO
Tokio, 31 may, AZƏRTAC
28 May – Respublika Günü münasibətilə Azərbaycanın Yaponiyadakı səfirliyi tərəfindən Tokionun “Okura” mehmanxanasında rəsmi qəbul təşkil olunub.
Qəbulda Yaponiyanın yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, deputatlar, ictimai-siyasi dairələrin, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri, şirkət nümayəndələri, diplomatik korpusun rəhbərləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan söz açıb. Diplomat müasir Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçiliyin inkişafı yolunda inamla addımladığını, ölkədə keçirilən sosial-iqtisadi siyasət nəticəsində dünyada sürətlə inkişaf edən dövlətlərdən birinə çevrildiyini, zəngin karbohidrogen ehtiyatlarına malik respublika kimi qlobal enerji siyasətinin formalaşmasında mühüm rol oynadığını bildirib.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın apardığı işğalçı siyasətin nəticələri, münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri barədə də məlumat verib.
Xalqlarımız arasında əlaqələrin böyük tarixə malik olduğunu qeyd edən G.İsmayılzadə bu əlaqələrin 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoyduğunu söyləyib. Səfir ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib, yüksək səviyyəli qarşılıqlı səfərlər nəticəsində ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və qeyri-neft sektoru sahələrində əməkdaşlığın genişləndiyini vurğulayıb. Həmçinin ölkəmizin son illər yapon turistləri üçün məşhur məkana çevrildiyi bildirilib.
Mərasimdə iştirak edən Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının baş katibi, Müşavirlər Palatasının üzvü Kenci Kosaka dost ölkə olan Azərbaycanı Respublika Günü münasibətilə öz adından və ölkə hökuməti adından təbrik edib. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan K.Kosaka, Azərbaycanın regionda Yaponiyanın ən etibarlı tərəfdaşı olduğunu bildirib. Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Liqasının ümummilli lider Heydər Əliyevin Yaponiyaya səfəri zamanı yaradıldığını xatırladan baş katib, Prezident İlham Əliyevin Yaponiyaya səfəri zamanı isə dostluq münasibətlərinin daha da genişləndiyini vurğulayıb, Azərbaycan ilə Yaponiya arasında münasibətlərin davamlı inkişafından məmnunluğunu ifadə edib.
Yaponiya Xarici İşlər Nazirliyinin protokol idarəsinin rəisi, səfir Kaoru Şimazaki çıxış edərək, Azərbaycanın son illərdəki sürətli inkişafını vurğulayıb, Yaponiyanın zəngin enerji ehtiyatlarına malik ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Tədbir bayram ziyafəti ilə davam edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio