SİYASƏT
28 May - Respublika Günü Yeni Zelandiyada təntənəli şəkildə qeyd edilib
Tokio, 27 may, AZƏRTAC
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98-ci ildönümü münasibətilə ölkəmizin Avstraliyadakı səfirliyi Yeni Zelandiyanın paytaxtı Vellinqtonda rəsmi qəbul təşkil edib.
Tədbirdə ölkə parlamentinin üzvləri, Xarici İşlər və Ticarət Departamentinin məsul şəxsləri, ölkənin aparıcı dövlət və özəl şirkətlərinin, tədqiqat mərkəzlərinin və universitetlərin nümayəndələri, Yeni Zelandiyada akkreditə olunan diplomatik korpusun rəhbərləri, burada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Qəbul Azərbaycanın və Yeni Zelandiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Ölkəmizin Avstraliyadakı və eyni zamanda, Yeni Zelandiyadakı səfiri Rövşən Cəmşidov çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında danışıb. Cümhuriyyətin qısa müddət ərzində mövcud olmasına baxmayaraq, Azərbaycanın dövlət quruculuğunda oynadığı böyük rol barədə tədbir iştirakçılarına məlumat verib. Yetmiş illik fasilədən sonra Azərbaycanın öz dövlət müstəqilliyini yenidən bərpa etdiyini deyən səfir müstəqilliyin ilk illərində böyük çətinliklərlə qarşılaşan xalqımızın bu problemləri uğurla aradan qaldırmasından bəhs edib. Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, iqtisadi artım göstəriciləri haqda qonaqlara məlumat verən R.Cəmşidov ölkəmizin bütün sahələrdə qazandığı uğurları mərasim iştirakçılarının diqqətinə çatdırıb. O, cari ilin iyununda “Formula-1” Avropa Qran-prisinin Bakıda keçiriləcəyini qeyd edib.
Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinə toxunan diplomat bunun bütün regionun hərtərəfli inkişafına mənfi təsir göstərdiyini təəssüflə bildirib. R.Cəmşidov Azərbaycanın dünya ölkələrindən problemin həllində qəti, ədalətli mövqe gözlədiyini vurğulayıb və təcavüzkar ölkə ilə işğala məruz qalanın fərqləndirilməsinin zəruriliyini qeyd edib.
Çıxışının sonunda səfir Azərbaycan ilə Yeni Zelandiya arasındakı ikitərəfli əlaqələrdən bəhs edərək respublikamızın bu ölkə ilə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.
Yeni Zelandiyanın gömrük və əlillik məsələləri naziri Niki Vaqner ölkəsinin hökuməti adından Azərbaycan xalqını və Prezidentini 28 May - Respublika Günü münasibətilə təbrik edib. Ölkələrimiz arasında qarşılıqlı siyasi və iqtisadi əlaqələrin müsbət istiqamətdə inkişaf etdiyini xüsusi vurğulayan nazir ticarət dövriyyəsinin artırılması üçün böyük potensialın olduğunu vurğulayıb. O, Yeni Zelandiya hökumətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə, danışıqlar yolu ilə ədalətli həllinə tərəfdar olduğunu bildirib.
Tədbirdə Azərbaycanın iqtisadiyyatını, turizm imkanlarını və mədəniyyətini özündə əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub. Qonaqlara Azərbaycan mətbəxinin nümunələri və müxtəlif içkilər təqdim edilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio