SİYASƏT
28 May – Respublika Günü ilə əlaqədar İsraildə bir neçə bayram tədbiri təşkil edilib
Bakı, 28 may, AZƏRTAC
İsraildəki Azərbaycan icması 28 May - Respublika Günü və İsrailin Müstəqillik Günü ilə əlaqədar bir neçə bayram tədbiri təşkil edib.
Təl-Əvivdə həyatı, yaradıcılığı bilavasitə Azərbaycanla bağlı olan qırx nəfərədək yəhudi rəssam və heykəltəraşın sərgisinin açılışı olub. Həmçinin Neşer şəhərinin Mədəniyyət Sarayında böyük qala-konsert təşkil olunub.
Bayram tədbirləri hər iki ölkənin əlamətdar gününün ruhunu özündə əks etdirib. Konsert proqramına hər iki xalqın musiqiləri və rəqsləri daxil edilib.
Tədbirin fəxri qonaqları – Knessetin deputatı Robert İlatov, Neşerin meri Avi Binamo, şəhərin absorbsiya şöbəsinin müdiri Emin Çaykovski, Azİz-in baş direktoru Lev Spivak qonaqları bayram münasibətilə təbrik edərək xalqların dostluğundan, sülhün və qarşılıqlı anlaşmanın təmin edilməsinin vacibliyindən danışıblar. Onlar həm İsrail, həm də Azərbaycan üçün xalqların dostluğu, tolerantlıq, sülh və əmin-amanlığın əsas prinsiplər olduğunu bildiriblər.
Rəsmi hissədən sonra bədii hissə başlayıb. Səhnədə ivrit, ingilis, rus, Azərbaycan, fransız, türk dillərində musiqilər səslənib. Tədbirdə Azərbaycandan köçmüş yəhudi musiqiçilər, rəqqaslar və digərləri çıxış ediblər.
Bayram tədbiri Neşer şəhər bələdiyyəsi, Absorbsiya Nazirliyinin yerli şöbəsi və Azİz tərəfindən təşkil olunub.