ELM VƏ TƏHSİL
28-ci Beynəlxalq Xarəzmi mükafatı müsabiqəsi keçiriləcək
UNESCO üzrə İran Milli Komissiyasının dəstəyi ilə görkəmli riyaziyyatçı və astronom Məhəmməd ibn Musa əl-Xarəzminin xatirəsinə həsr olunan 28-ci Beynəlxalq Xarəzmi mükafatı müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, ənənəvi olaraq hər il təşkil edilən beynəlxalq müsabiqədə iştirak etmək üçün müxtəlif elm sahələrindən tədqiqatçılar dəvət olunur.
Müsabiqənin əsas məqsədi tədqiqatçıların və ixtiraçıların fəaliyyətlərini dəyərləndirmək, onların beynəlxalq aləmdə tanınmasına dəstək vermək, eyni zamanda, aerokosmik, kənd təsərrüfatı, biotexnologiya, kimyəvi və mülki mühəndislik, informasiya texnologiyaları, mexanika, tibb elmləri, nanotexnologiya və bərpa olunan enerji sahələrində fəaliyyətlərinə kömək göstərməkdir.
Müsabiqədə təmsil olunmaq üçün elmi tədqiqat işləri bu kateqoriyaları əhatə etməlidir: tətbiqi tədqiqat; tədqiqat və inkişaf; fundamental elmlər; ixtira və yenilik.
Müsabiqə barədə ətraflı məlumat http://www.khwarizmi.ir internet səhifəsindən əldə oluna bilər.
Beynəlxalq Xarəzmi Mükafatının laureatları 2015-ci il yanvar ayının ikinci həftəsində elan olunacaq. Müsabiqənin qaliblərinin rəsmi mükafatlandırılma mərasiminin 2015-ci ilin fevral ayında keçiriləcəyi nəzərdə tutulur.
Namizədliyin irəli sürülməsi üçün son tarix bu il noyabrın 10-dur.